Yuri Syomin “Qəbələ”də!
07 may 2013 00:12 (UTC +04:00)

Yuri Syomin “Qəbələ”də!

 

“Qəbələ” klubunun yeni baş məşqçisi məlum olub. Apasport.az saytının məlumatına görə, əyalət təmsilçisini yeni mövsümdən tanınmış rusiyalı mütəxəssis Yuri Syomin çalışdıracaq.

 

66 yaşlı mütəxəssis Ramiz Məmmədovun istefasından sonra boş qalan və müvəqqəti olaraq əvəzedicilərin çalışdırıcısı Luis Araqonun tutduğu baş məşqçi postuna gətirilir. Klubun tarixinə ilk rusiyalı çalışdırıcı kimi düşəcək Syomin zəngin karyerası ilə postsovet məkanında məşhur simadır.

 

Daha çox məşqçi karyerası ilə tanınan rusiyalı karyerasına futbolçu kimi başlayıb. 1947-ci ildə anadan olan Syomin 1964-80-ci illərdə müxtəlif klubların şərəfini qoruyub. “Spartak” (1964-65), Almatının “Kayrat” (1972-73), Novosibirskin “Çkalovets” (1974) və Krasnodarın “Kuban” (1978-80) klublarında hücumçu, sonradan yarımmüdafiəçi kimi çıxış edən futbolçunun karyerasının əsas hissəsi Moskva təmsilçiləri ilə bağlıdır.

 

1965-67-ci illərdə “Spartak”, 1968-71-ci illərdə “Dinamo”, 1975-77-ci illərdə “Lokomotiv”də oynayan Syominin ən böyük uğurları da paytaxtda qeydə alınıb. O, 1970-ci ildə “Dinamo” ilə SSRİ kubokunu qazanıb və çempionatın gümüş mükafatçısı olub. Syomin “Spartak”ın tarixinə düşməyi də bacarıb. O, klub tarixinə avrokuboklarda vurulan ilk 2 qolun müəllifi kimi düşüb.

 

1986-cı ilin yanvarında “Lokomotiv”ə bu dəfə baş məşqçi kimi qayıdan Syomin 2005-ci ilin aprelinə qədər – təxminən 18 il bu kluba rəhbərlik etdi. Düzdür, 1991-ci ildə SSRİ dağılanda rusiyalı uzaq Okeaniyaya üz tutub, Yeni Zelandiyanın olimpiya yığmasının “sükanı arxasına” keçib. Lakin 1 ildən sonra mütəxəssis yenidən “dəmiryolçu” olmağı lazım bilib.

 

Təxminən 18 illik “Lokomotiv” karyerasında Syominin saysız-hesabsız uğurları var. 2002 və 2004-cü illərdə Rusiya çempionu, 1996, 1997, 2000 və 2001-ci illərdə ölkə kuboku, 2003 və 2005-ci illərdə Superkuboku, 2005-ci ildə “Birlik kuboku”nu qazanan “Lokomotiv” onunla 9 titul qazanıb.

 

Bundan başqa, 1995, 1999, 2000, 2001-ci illərdə gümüş, 1994, 1998-ci illərdə bürünc mükafatlar qazanan, 1998-ci ildə Rusiya, 1990-cı ildə SSRİ Kubokunun finalına çıxan komandanı uğurlara Syomin daşımışdı. 1989-cu ildə Rusiyanın əməkdar məşqçisi olan Syomin indiyədək 2 dəfə “Fəxri dəmiryolçu” adı ilə təltif olunub. Bundan başqa o “Şərəf ordeni”nə layiq görülüb.

 

2005-ci ildə Syomin Rusiya milli komandasının baş məşqçisi təyin olunduğu üçün “Lokomotiv”dən ayrılıb. O, yığmanı DÇ-2006-nın seçmə mərhələsinin son oyunlarına çıxarıb. Mundiala vəsiqə qazanılmadığından mütəxəssis yığmanı tərk edib.

 

2006-cı ildə ciddi problemləri olan Moskva “Dinamo”sunu xilas etmək vəzifəsini üzərinə götürən Syomin bunu bacarmayıb. 2007-ci ildə “Lokomotiv”də qayıdan məşqçi bu dəfə klub prezidenti təyin olunub. Baş məşqçisi Anatoli Bışovets olan klub uğursuz mövsümün ardından hər 2 simanı postlarından kənarlaşdırıb.

 

2008-ci ilin yanvarından Kiyev “Dinamo”sunda fəaliyyətə başlayan Syomin 2,5 illik anlaşmasını sonadək işləməyib. İlyarıma Ukrayna çempionatının gümüş və qızıl medalını qazanan komandanı kubokun finalına çıxaran mütəxəssis çempion kimi Ukraynanı tərk edib. Bu, onun “Lokomotiv”ə baş məşqçi çağırılmağı ilə bağlı idi.

 

2009-cu ilin yayında yenə “dəmiryolçu” olan çalışdırıcı təxminən 16 aydan sonra istefaya göndərilib. Cəmi 1 ay işsiz qalan Syomin yenidən Kiyevdən təklif alıb. Bu dəfə “Dinamo” onunla 3,5 illik müqavilə imzalayıb. “Dinamo”ya 2-ci təyinatından sonra çempionatda 2 gümüş, ölkə kuboku qazandıran mütəxəssis kubokun da finalınadək irəliləməyi bacarıb. Lakin ötən ilin sentyabrında yenidən Ukrayna klubu ilə yollarını ayırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1341
avatar

Oxşar yazılar