Şəmkirdə mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2014" beynəlxalq şahmat turnirinə start verilib. Lent.az-ın məlumatına görə, açılış mərasimində ilk olaraq rayonun icra başçısı Nazim Veysov çıxış edib. N.Veysov mötəbər yarışın tarixi şəhərdə keçirilməsinə şad olduğunu bildirib.
Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov isə Vüqar Həşimovun Azərbaycan idmanında böyük iz qoyduğunu söyləyib: "Bu gün Şəmkirdə dünyanın və Azərbaycanın güclü şahmatçısı olan Vüqar Həşimovun xatirə turniri start götürür. Onun qələbələri və millimizin inkişafında xidmətləri heç vaxt unudulmayacaq".
Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov yarış iştirakçılarını federasiyanın prezidenti Elman Rüstəmovun adından salamlayıb: "Vüqar Həşimov qısa amma çox mənalı və şərəfli ömür sürdü. Onun şahmatçı kimi formalaşmasında ailəsiylə yanaşı, ümumilli Lider Heydər Əliyev və dövlət başçısı İlham ƏIiyevin böyük rolu olub. Bu yarışda onun dostları iştirak edir. Zalda həm də onun komanda yoldaşları var hansılarla birgə Avropa çempionatında qızıl medal qazanıblar. Synergy Group-un peşəkar işi barədə danışmaq istərdim. İndi əksər şirkətlər şahmata böyük diqqət ayırmasa da, Synergy Group belə təşəbbüslə çıxış edib. Onlar dərin təşəkkürümüzü bildirirəm”.
Sonra rejissor Ülviyyə Könülün hazırladığı "Vüqar Həşimovun təbəssümü" adlı qısametrajlı sənədli film göstərilib. Ardınca Vüqar Həşimovun dostu və məşqçisi Viorel İordaçesku mərhum şahmatçımıza həsr olunan markanı nümayiş etdirib. Çıxış edən Vüqar Həşimovun atası Qasım Həşimov keçirilən mötəbər yarışa görə Synergy Group rəhbərliyinə təşəkkür edib: "Bu gün turnirin açılış mərasiminə Vüqarın dostları, onu sevənlər və yaxınları toplaşıb. Mən sizə “Vüqarsevərlər” deyərək müraciət edirəm. Bu gün Vüqarın bizi tərk etməsinin düz 100 günü tamam olur. Allah heç kimə göstərməsin. Ağır dərddir. Karyerası ərzində 80-dən çox medal qazanıb. Avropa çempionatında tarixi qələbədən qayıdanda anladım ki, Vüqar təkcə mənim yox, həm də bütün Azərbaycanın oğludur. Synergy Group rəhbərliyinə bu turniri keçirdiklərinə görə çox sağ ol deyirəm. 22-ci kateqoriyalı yarış turnirin necə mötəbər olduğunu göstərir. Arzu edirəm ki, yarış ənənəvi olsun və hər il Vüqar Həşimovun xatirə turnirinə toplaşaq."
Yarış iştirakçılarını salamlayan Synergy Group Müşahidə Şurasının sədri Riyad Hüseynov belə mötəbər turnirin keçirdiklərini şirkət üçün şərəf olduğunu vurğulayıb: "Vüqar Həşimovun xatirə turnirinin yüksək səviyyədə keçirilməsi üçün Təşkilat Komitəsi bütün işləri həll edəcək. Yarışı açıq elan edirəm. Qoy ən güclü qalib gəlsin." Sonda yarışın baş hakimi Faiq Həsənov tərəfindən püşkatma mərasimi keçirilib və şahmatçıların ilk turdakı rəqibləri müəyyənləşib.