"Shamkir Chess 2014" turnirinin 8-ci turunda Sergey Karyakinlə heç-heçə oynayan dünya çempionu Maqnus Karlsen mətbuat konfransında jurnalistlərin suallarına cavab verib.
Apasport.az saytının məlumatına görə, Karlsen bu gün qələbəyə oynadığını bildirib: “Sadəcə rəqib risk etmədi. Ona görə vəziyyəti qəlizləşdirmək istəmədim. Hər şey qaydasındadır. Karyakin stabil çıxış edən güclü şahmatçılardan biridir. Heç-heçə normal nəticədir. Heç bir problem yoxdur. Son 2 turda qələbə qazansam 1-ci yeri tutmaq imkanım olacaq. Əvvəlki iki məğlubiyyəti nəzərə alsaq, indi hər şey qaydasındadır. Son turlarda uduzacağımı düşünmürəm. Qalib gəlmək istəyirəm. Bilirəm ki, son turlarda oynayacağım Rəcəbov və Karuananın mənimlə bağlı xüsusi planları olacaq. Hər iki görüşdə yalnız qələbə haqda düşünəcəyəm".
Dünya çempionu yüksək səviyyədə keçirilən turnirlə bağlı fikirlərini də bildirib: "Synergy Group”-a təşəkkür edirəm. Ümid edirəm, gələn il "Shamkir Chess 2015" keçiriləcək. İmkan olsa, həmin yarışda böyük məmnuniyyətlə iştirak edərəm".
Sergey Karyakin turnirdə 8-ci dəfə heç-heçə oynamasını yorğunluqla izah edib: "Ardıcıl 3-cü yarışımdır. Bir qədər yorğunluq var. Bilmirəm, mənə heç-heçələr şahı demək olar? Niyyətim heç-heçə etmək deyildi. Sadəcə belə alındı. Karlsenlə xalı yarı bölmək pis deyil. Amma mən qələbə qazanmaq istəyirəm. Yəqin gələcəkdə heç-heçələrdən qələbəyə keçərəm".