“Arsenal”ın Türkiyə əsilli futbolçusu Məsut Özil karyerasını yenidən İspaniyada davam etdirə bilər. Apasport.az saytı “AS” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Barselona”nın maraq dairəsinə düşüb.
Lakin kataloniyalıların istəyinə əzəli rəqibləri “Real” mane ola bilər. Belə ki, razılaşmaya əsasən, “topçular” Özili satmaq fikrinə düşsələr, ilk 48 saat ərzində madridlilər onu almaq üstünlüyünə sahib olacaqlar. Bundan əlavə, Özil hər hansı bir kluba 50 milyon avrodan baha qiymətə satılsa, bu məbləğin 33 faizi “Real”a çatacaq.
Qeyd edək ki, Almaniya yığmasının da üzvü olan Özil “Arsenal”a 2013-cü ildə məhz “Real”dan keçib. O, London klubunun heyətində Premyer Liqanın cari mövsümündə 28 oyunda 5 qola imza atıb.