11 yanvar 2016-cı il tarixində Varşava şəhərində yerləşən Olimpiya Mərkəzində Polşa Olimpiya Ailəsinin Yeni İl Görüşü keçirilib. Azərbaycanın Polşadakı səfirliyindən Lent.az-a verilən xəbərə görə, Polşa prezidenti Andjey Duda və xanımı Agata Kornhauser-Duda tədbirin fəxri qonaqları olublar.
Tədbirdə Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski, Polşa İdman və Turizm Naziri Vitold Banka, prezident administrasiyasının nümayəndələri, həmçinin bir çox diplomatik korpusların rəhbərləri, Polşanın Olimpiya və dünya çempionları və Polşa idmanını bir çox beynəlxalq yarışmalarda təmsil edən idmançılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Polşa Olimpiya Komitəsinin sədri Andjey Kraşnitski 2015-ci ilin hesabatını apararaq, Polşa idmanının əldə etdiyi nailiyyətlər haqqında məlumat verib.
Andjey Kraşnitski xüsusi olaraq Bakı 2015 İlk Avropa Oyunlarını qeyd edərək Avropa Oyunlarının yüksək səviyyədə təşkili, möhtəşəm idman bayramında hər bir ölkənin idman heyətinə göstərilən qayğı və diqqətə görə Azərbaycan rəhbərliyinə, Avropa Oyunlarının Təşkilat Komitəsinə və Milli Olimpiya Komitəsinə təşəkkürünü bildirmiş və polşalı idmançıların Azərbaycandan 20 medalla geri döndüyünü vurğulayıb.
Tədbir zamanı həmçinin Polşa Olimpiya Komitəsinin binasında Bakı 2015 Avropa Oyunlarına həsr olunmuş xatirə lövhəsinin açılışı olub. Kraşnitski Polşa nümayəndə heyətinin Avropa Oyunlarına hazırlığı dövründə Polşa Olimpiya Komitəsi ilə birlikdə idmançılara göstərilən kömək və dəstəyə, həmçinin xatirə lövhəsinin qurulması ilə bağlı təşəbbüsə görə səfir Həsən Həsənova təşəkkürünü bildirib.
Daha sonra söz Polşa prezidenti cənab Andjey Dudaya verilib. Prezident Duda Polşa uğrunda çalışan və Polşa ictimaiyyətinə sevinc gətirən hər bir idmançıya, məşqçiyə, onların ailələrinə və dəstək olan hər bir şəxsə təşəkkürünü bildirib və Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında müvəffəqiyyətlər arzulayıb.
Tədbirin sonunda 2015-ci il ərzində fərqlənən idmançılara mükafatlar təqdim olunub.