[b]Rafael Ağayev Avropa çempionatının finalına yüksəldi[/b]
Karate üzrə böyüklər arasında 54-cü Avropa çempionatına start verilib.
ONA-nın məlumatına görə, İspaniyanın Qvadalaxara şəhərində keçirilən yarışın ilk günündə Azərbaycan idmançıları da tatamı üzərinə çıxıblar.
“Pabellon Multuisos” Arenasında fərdi kumite yarışlarında qüvvəsini sınayan karateçilərimizdən Rafael Ağayev daha uğurlu çıxış edib. 75 kq çəki dərəcəsində mübarizə aparan 5 qat dünya, 11 qat Avropa çempionu bütün rəqiblərinə qalib gələrək, finala yüksəlib. O, martın 30-da qızıl medal uğrunda döyüşdə italiyalı Luici Busa ilə görüşəcək.
Asiman Qurbanlı (+84 kq) kişilərin, Nuranə Əliyeva (50 kq) qadınların kumite yarışında bürünc medal uğrunda mübarizə aparacaq. Roman Heydərov isə katada 3-cü olmaq şansını saxlayır.
Digər karateçilərimizdən Rafiz Həsənov (67 kq) və Ayxan Mamayev (84 kq) təsəlliverici döyüşdə də uduzaraq, yarışla vaxtından əvvəl vidalaşıblar.
Firdovsi Fərzəliyev (60 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) ilk döyüşündə, Fəridə Abıyeva (61 kq) bir, Fəridə Əliyeva (+68 kq) üç qələbədən sonra məğlub olaraq, mübarizəni dayandırıblar.
983