Bu gün Azərbaycan Premyer Liqasında 2017/18 mövsümünə start verilib.
Apasport.az saytının məlumatına görə, Premyer Liqadakı 103 günlük sükut FİFA referisi Əliyar Ağayevin start fiti ilə pozulub. Mövsümün açılış oyununda ölkənin iki ən titullu komandası qarşılaşıb. 8-ci km qəsəbə stadionunda keçirilən görüşdə “Neftçi” və “Qarabağ” komandaları üz-üzə gəlib.
Əvvəlki bütün çempionatlarda iştirak edən komandaların budəfəki Azərbaycan derbisində də ağdamlılar qalib gəlib. Son 4 mövsümün çempionu səfər görüşündən 3 xalla ayrılıb. Ağdam təmsilçisi ilk yarıda vurulan 2 qolla qarşılaşmanın taleyini böyük ölçüdə həll edib. Mahir Mədətovun mövsümün ilk qolu və dubluna imza atıb. Fasilədən sonra isə əyalət klubu daha bir qol vurub. Bu dəfə Dino Ndlovu fərqlənib. “Neftçi” böyükhesablı məğlubiyyətdən uzatma dəqiqələrində qaçıb. Rahid Əmirquliyevin avtoqolu bakılılar üçün mövsümdə ilk top olub. Beləliklə, “Qarabağ” mövsümün açılış matçında 3 xalı 3 qolla qazanıb – 3:1.
Azərbaycan Premyer Liqası
I tur
11 avqust (cümə)
“Neftçi” – “Qarabağ” - 1:3
Qollar: Rahid Əmirquliyev, 90+2-öz qapısına - Mahir Mədətov, 14, 40, Dino Ndlovu, 63