“Shamkir Chess 2014” turnirinin Təşkilat Komitəsinin sədri, "Synergy Group"da Müşahidə Şurasının sədr müavini Fəxriyar Cabbarov jurnalistlərə açıqlamasında yarışın əhəmiyyəti barədə danışıb. Lent.az-ın məlumatına görə, Cabbarov yarışın keçirilməsinə əsas səbəb kimi Azərbaycanın məşhur şahmatçısı Vüqar Həşimovun vaxtsız vəfatını göstərib.
O deyib: “Biz bu yarışı keçirməyi özümüzə borc bildik və mötəbər yarışı Vüqar Həşimovun xatirəsinə həsr etdik. Ümid edirəm ki, turnir yüksək səviyyədə keçəcək. Şəmkirə gələn bütün şahmatçılara təşəkkür edirəm”.
Cabbarov şahmat tacının hazırkı sahibi Maqnus Karlsenin turnirdə iştirakı barədə də danışıb: “Karlsen böyük həvəslə “Shamkir Chess 2014”də iştirak etməyə razılaşdı və bununla Həşimovun xatirəsinə yad etdi”.
Cabbarov turnir ənənəvi xarakter daşıması yönündə işlərin görüldüyünü də əlavə edib: “Bu mötəbər turnir "Synergy Group"un şahmatda ilk addımıdır. Gələcəkdə də Azərbaycanda şahmat turnirlərinin keçirilməsini diqqətdə saxlayacayıq”.