Fevralın 25-də qadın voleybolçular arasında CEV kubokunun 1/2 final mərhələsinin ilk qarşılaşmaları keçirilib. Apasport.az saytının məlumatına görə, finala gedən yolda “Azəryol” “Fənərbaxça” ilə üz-üzə gəlib.
Gözlənildiyi kimi, matç rəqibin asan qələbəsi ilə başa çatıb. Qeyri-stabil oyun nümayiş etdirən Bakı təmsilçisi “quru hesablı” məğlubiyyətdən qaça bilməyib – 0:3.
Belə ki, hakimin start fiti ilə “Fənərbaxça” təşəbbüsü ələ alıb. Rəqibin 5 ardıcıl dəqiq zərbəsindən sonra Ancelo Vercesi taym-aut götürmək məcburiyyətdə qalıb. Lakin onun tapşırıqları da yetirmələrini çətin vəziyyətdən çıxarmayıb – 2:8.
İlk texniki fasilədən sonra voleybolçularımız öz oyunlarını tapıblar. Onlar hətta hesabı minimuma da endiriblər – 9:10. Amma “Azəryol” bundan irəli gedə bilməyib. İkinci texniki fasilədə fərqi yenidən 6 topa çatdıran rəqib yekunda 25:14 hesabı ilə qələbə qazanıb.
İkinci setdə də komandamız “Fənərbaxça” qarşısında aciz qalıb. Düzdür, “Azəryol” ilk texniki fasiləyə cəmi 1 top geridə yollanıb. Amma istanbullular bununla barışmayaraq, yenidən fərqi artırıblar – 16:8, 19:11... Vercesinin yetirmələrinin kobud səhvləri isə yenə də məğlubiyyətləri ilə nəticələnib. Bu dəfə fərq daha böyük olub – 12:25.
Üçüncü hissədə rəqib istədiyi oyunu nümayiş etdirib. Heç cür düşdüyü çətin vəziyyətdən çıxa bilməyən “Azəryol” hər 2 texniki fasiləyə geridə yollanıb – 5:8, 12:16. Ardınca da “Fənərbaxça” xalları sıralamağa davam edib və bu dəfə 25:16 hesabı ilə qalib gəlib.
Beləliklə, voleybolçularımız səfərdən 0:3 hesablı darmadağınla qayıdırlar. Komandalar arasında cavab qarşılaşması martın 1-də keçiriləcək. Setlərdə 16-dan artıq xal yığa bilməyən “Azəryol”un Bakıda qisasını alacağı və “Qızıl set”də qələbə qazanması isə heç də asan olmayacaq.
1/2 final, ilk oyun
“Fənərbaxça” (Türkiyə) – “Azəryol” (Azərbaycan) - 3:0 (25:14, 25:12, 25:16)
Hakimlər: Yanik Çaladay (Fransa), İvaylo İvanov (Bolqarıstan)
İstanbul, Burhan Fələk Voleybol Salonu
Qeyd edək ki, digər yarımfinal cütündə “Uraloçka” (Rusiya) “Dresdner”ə (Almaniya) 2:3 hesabı ilə uduzub.