İtaliyanın “Yuventus” futbol komandasının məşqçisi Massimo Karrera 2,5 il həbs cəzası alıb. Lent.az-ın “La Gazzetta dello Sport”a istinadən verdiyi məlumata görə, bu barədə Berqamo şəhər məhkəməsi qərar çıxarıb.
Səbəb 2011-ci il yanvarın 1-də Karreranın idarə etdiyi “Mercedes R-klass”ın “Ford KA” markalı avtomobillə toqquşması nəticəsində 2 tələbə qızın ölməsidir. Tələbələrdən biri yerindəcə, digəri isə xəstəxanada ölüb. Prokuror məşqçi üçün 3 il 4 aylıq həbs tələb edib. O, daha çox Karreranın məhkəmə iclaslarına gəlməməsinə qəzəblənib. Hakim məşqçinin qəzadan heç cür yayına bilməməsinə dair vəkillərin əsaslandırmaları ilə razılaşıb, amma onu haqlı çıxarmayıb.
Qeyd edək ki, Massimo Karrera futbolçu kimi Çempionlar Liqası, UEFA Kuboku və Superkubokunu, İtaliya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb. 2011-ci ildə o, “Yuventus”un texniki direktoru olub, 2012-2013-cü il mövsümünün gedişində isə komandanın baş məşqçi səlahiyyətlərini yerinə yetirib. Bu vaxt Antonio Konte danışılmış oyunlarla əlaqəsi səbəbindən 10 aylıq cəzasını çəkib. Karreranın rəhbərliyi altında “Yuventus” İtaliya Superkubokunu qazanıb.