“Neftçi” futbol komandasının baş məşqçisi Böyükağa Hacıyev Avstriyadakı təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununda Rusiya “Volqa”sına 0:1 hesablı məğlubiyyəti şərh edib. Lent.az-ın məlumatına görə, Hacıyev flaqmanın rəsmi saytına açıqlamasında nəticəyə fasilədən sonra etdiyi 9 əvəzləmənin təsir göstərdiyini bildirib.
O deyib: “Təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyunumuz idi. Hər iki hissədə fərqli oyunçulara şans verdik. Fasilədən sonra 9 futbolçunu əvəzlədik ki, bu da nəticəyə təsirini göstərdi. Bununla belə, yoxlama oyunlarında nəticə önəm kəsb etmir. Məqsəd futbolçuların hamısına şans verib, onların hazırlıq səviyyəsini yoxlamaq idi. Bütün futbolçular səylə özlərini ən yaxşı tərəfdən göstərməyə çalışırlar”.
Təcrübəli mütəxəssisi sevindirən məqam Bahodir Nasimovun əsas heyətdə yerini qaytarmaq istəməsi olub. O əmindir ki, yeni gələn hücumçular – hollandiyalı Melvin Platye və kamerunlu Ernest Nfor ötən mövsümün bombardiri Nikolas Kanalesin yoxluğunu unutduracaq. Baş məşqçi Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”su ilə ilk oyunadək tam hazır olacaqlarına inam ifadə edib.
Qeyd edək ki, “Neftçi” “Skenderbeu” ilə ilk oyununu iyulun 17-də Bakıda, cavab görüşünü isə iyulun 23-də Korçada keçirəcək.