Futbol üzrə Topaz Premyer Liqasının VI turunun “Bakı” ilə oyunundakı 2:1 hesablı qələbə “Xəzər Lənkəran” üçün tarixi əhəmiyyət kəsb edib. Lent.az-ın məlumatına görə, “ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək öz meydanını 100-cü dəfə qalib kimi tərk edib.
Cənub komandası bu matçadək 9 il ərzində 99 ev qələbəsi əldə etmişdi. Etame Mbillanın “dubl”u ilə əldə olunan 2:1 hesablı zəfər bu siyahıda 100-cü, yubiley qələbəsi olub və “Xəzər Lənkəran”ın 171-ci matçında qeydə alınıb. 51 heç-heçə və cəmi 20 məğlubiyyəti olan komanda öz meydanında 304 top vurub və 105-ni buraxıb.
100 ev qələbəsindən yalnız 1-i avrokuboklarda qeydə alındığı halda, 80 dəfə Azərbaycan Premyer Liqası, 19 dəfə kubok çərçivəsində qonaq komandalar məğlub edilib.
Qələbələrdən 74-ü Lənkəran şəhər stadionunda əldə olunub. Bundan başqa, Lənkəran komandası 14 dəfə Lənkəran Olimpiya İdman Kompleksi, 5 dəfə Mehdi Hüseynzadə adına Sumqayıt, 3 dəfə Tofiq İsmayılov adına Suraxanı qəsəbə, 2 dəfə Cəlilabad, 2 dəfə “Şəfa” və ADBTİA stadionunda qələbə qazanıb.
1-ci. 12.08.2004 “Şəfa” 2:1
50-ci. 30.10.2008 NBC 3:0
100-cü. 14.09.2013 “Bakı” 2:1
Qeyd edək ki, bunadək son 3 ev oyununda qələbə qazana bilməyən “Xəzər Lənkəran” Maltanın “Slima” klubu ilə Avropa Liqasının I təsnifat mərhələsinin iyulun 11-dəki qarşılaşmasından sonra 65 gün idi 100-cü qələbəni təxirə salırdı. Həmin 1:0 hesablı qələbədən sonra “Xəzər Lənkəran” ümumilikdə 7 matç idi qalib gəlmirdi. Bunların 3-ü evdə, 4-ü səfərdə qeydə alınmışdı. 2 avrokubok və 5 çempionat matçındakı qələbəsizliyə 100-cü ev uğuru ilə son qoyuldu.