Futbol üzrə Avropa kuboklarına hazırlaşan Xəzər Lənkəran” və “Neftçi” klubları təlim-məşq toplantısı çərçivəsində yoldaşlıq görüşlərinə çıxıblar. Lent.az-ın məlumatına görə, “Xəzər Lənkəran” Almaniyada II Bundesliqanı 13-cü pillədə başa vurmuş “İnqolştadt”ın 23 yaşadək futbolçulardan ibarət komandası ilə üz-üzə gəlib.
“Ağ-yaşıllar” baş məşqçi Con Toşakın oyun öncəsi “çox güclü rəqib” adlandırdığı komandanı darmadağın ediblər – 6:1. Qolların yarısını təmsilçimizə AZAL-dan gələn yeni transferlər vurub. Junior Nildonun hesabı açdığı görüşdə Zohair Benuahi “dubl” edib. Daha 3 qolun müəllifi Adrian Skarlatake, Uğur Pamuk və gənc futbolçu Elnur Cəfərov olub. Qapıçı Orxan Sadıqlı ikinci hissədə meydana daxil olduqdan sonra bir top buraxsa da, son dəqiqədə penaltini dəf etməyi bacarıb. Bu, “Xəzər Lənkəran”ın Avropa Liqasının I təsnifat mərhələsində “Slima” ilə iyulun 2-də Maltada keçirəcəyi ilk oyun öncəsi yeganə yoxlama matçı olub.
“Neftçi” isə Çempionlar Liqasının II təsnifat mərhələsində Albaniya “Skenderbeu”su ilə keçirəcəyi oyunlara Avstriyada hazırlaşır. Flaqman ilk yoxlama matçında Rusiya Premyer Liqasının ortabablarından sayılan “Volqa” ilə qarşılaşıb. Görüş Nijni-Novqorod komandasının minimal hesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda aparıcı oyunçulara güvənən baş məşqçi Böyükağa Hacıyev fasilədən sonra onların əksəriyyətini əvəzləyib. Bundan yararlanan “Volqa”nın futbolçusu Aleksandr Şulenin qələbə topunu vurub.
Qeyd edək ki, “Neftçi” Albaniya “Skenderbeu”su ilə ilk oyununu iyulun 17-də Bakıdakı “Bakcell Arena”da keçirəcək.