“Turan”ın tarixi uğursuzluğu - SƏBƏBLƏR
14 may 2013 11:14 (UTC +04:00)

“Turan”ın tarixi uğursuzluğu - SƏBƏBLƏR

Tovuzun “Turan” futbol komandası tarixində ilk dəfə Azərbaycan çempionatının yüksək liqası ilə vidalaşıb. Lent.az-ın məlumatına görə, Topaz Premyer Liqasında cari mövsümün XXXI turunda “Turan” elə 3:5 hesabı ilə yenildiyi “Kəpəz”lə birgə son 2 pillədə qalıb.

 

Çempionatın sonuna 1 tur qalmış 27 xalla 11-ci pillədə yer alan Tovuz təmsilçisi 10-cu yerdəki “Sumqayıt”dan 8 xal geri qalır. “Kəpəz”in isə 19 xalı var. Növbəti mövsüm Premyer Liqada 10 komanda mübarizə aparacağından, hər iki qərb klubu I divizionda çıxış etməli olacaq.

 

“Turan”ın baş məşqçisi Əfqan Talıbov indiyədək bütün çempionatlarda iştirak etmiş komandanın I liqaya enişinin səbəblərini Lent.az-a açıqlayıb. Onun fikrincə, komandanın bu duruma düşməsi, ilk növbədə, maddi amillərlə bağlıdır: “Oyunçuları hər dəfə növbəti matçda qələbəyə, xal qazanmağa və turnir cədvəlində daha yüksək mövqeni tutmağa kökləyəndə deyirdilər ki, qaçırıq, məşq edirik, oynayırıq, amma ailəmizdəki maddi problemlər gücümüzü tam səfərbər etməyə imkan vermir.  Maaşımızı almırıqsa, bu, mütləq oyuna da təsirini göstərir. Belə danışmaqla uğursuzluğumuza bəraət qazandırmıram. Problemlər yüksək şəraiti olan komandalarda da olur. Amma “Turan” 2004-cü ildən indiyədək sürünür. Hələ də Dövlət Sosial Müdafiə Fonduna, kommunal borclar qalmaqdadır. Komandamızın bütün üzvləri mart ayının əmək haqqından məhrum edilib. Səbəb həmin ay “Sumqayıt”a 0:4, “Rəvan”a isə 2:6 hesablı məğlubiyyətlərimizdir. Aprel və may aylarının maaşı isə hələ də qalır. Rəhbərlik deyir ki, 10-cu yerə yüksəlsəniz, əmək haqqınızı ödəmək üçün kiməsə müraciət etmək olar. Amma 11-ci olduq. Mayın 20-də isə son oyunumuzdur. Futbolçular evlərinə pulsuz yollanmaq istəmirlər”.

 

Talıbov “Turan”ın qış fasiləsindən sonra ev oyunlarını Tovuz şəhər stadionunda deyil, Bakıda keçirməsinin də uğursuzluqda müəyyən rol oynadığını açıqlayıb. O bildirib ki, komanda rəqiblərini doğma arenada qəbul etsəydi, belə böyük hesablı nəticələr qeydə alınmaz, 11-ci pilləyə enməzdilər: “Gəncə şəhər stadionunda hələ təmir işlərinə start verilməyib. Tovuzda isə tələsik meydançanın ot örtüyünü dəyişdirdilər. Biz ev oyunlarımızı Bakıda keçirməyə başladıqda isə qərar çıxdı ki, növbəti mövsüm Premyer Liqada 10 komanda mübarizə aparacaq. Əgər rəqiblərimizi Tovuzda qəbul etsəydik, bizə belə asanlıqla qalib gəlmək olardı?”

 

Baş məşqçi komandadakı taleyinə “Sumqayıt”la mövsümdəki son matçdan sonra aydınlıq gələcəyini də əlavə edib: “Tutaq ki, mən də, futbolçular da getdik. Bəs “Turan”ın aqibəti necə olacaq?” 

 

Qeyd edək ki, hazırda 21 yaşında olan “Turan” 1994-cü ildə Azərbaycan çempionu olub. Tovuz komandası ölkəmizin Avropa kuboklarındakı ilk təmsilçisi sayılır. 1994-1995-ci il mövsümündə “Turan” Türkiyə “Fənərbağça”sı ilə UEFA Kubokunun I təsnifat mərhələsində üz-üzə gəlib. Hər iki oyun “Fənər”in qələbəsi ilə yekunlaşıb – 2:0, 5:0.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1172
avatar

Oxşar yazılar