Elman Rüstəmov: “Bu, bizim üçün də gözlənilməz oldu”
“Teymur Rəcəbovun İddiaçılar Turnirində zəif çıxışı bizim üçün gözlənilməz oldu”. Lent.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Elman Rüstəmov deyib.
O bildirib ki, Rəcəbov Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş İddiaçılar Turnirindən öncə yaxşı formada olub və müsbət nəticələr göstərib. Rüstəmov şahmatçımızın 8 iştirakçı arasında sonuncu yeri tutmasını turnirin səviyyəsi ilə əlaqələndirib: “Bu, idmandır, hər bir idmançı belə halla üz-üzə qala bilər. İddiaçılar Turniri olduqca mürəkkəb yarışdır. 8 iştirakçının hər biri olduqca güclü idi. Belə hallar olur. Ola bilsin ki, həm idman, həm də psixoloji baxımdan, çıxışı ən yaxşı formada alınmamışdı. Ona görə də belə bir nəticə göstərdi”.
AŞF prezidentinin fikrincə, Rəcəbovun uğursuzluğundan faciə düzəltmək lazım deyil: “Teymur hələ gəncdir, qarşıda çoxlu turnir var. Dünya Şahmat Tacını Bakıya gətirmək bizim strategiyamızdır. Bunun üçün lazım olan hər şeyi edəcəyik”.
Qeyd edək ki, Teymur Rəcəbov İddiaçılar Turnirində 3 xalla sonuncu yeri tutub. Qalib adını norveçli qrossmeyster Maqnus Karlsen qazanıb.