İspaniyanın “Real Madrid” futbol komandasının yeni baş məşqçisi iyunun 3-də açıqlanacaq. Lent.az-ın “Marca”ya istinadən verdiyi məlumata görə, bu, hazırda Fransa PSJ-sinin sükanı arxasında olan Karlo Ançelottidir.
Məşqçilər heyətinə “kral klubu” və Fransa millisinin sabiq futbolçusu Zinəddin Zidanın da daxil ediləcəyi gözlənilir. 2010 – 2012-ci illərdə Zidan paytaxt təmsilçisində idman direktoru vəzifəsini tutub. Hazırda o, “Real Madrid”in gənclər komandalarından birinə başçılıq edir.
“Kral klubu” iyunun 1-də mövsümdə son oyununu keçirəcək. 38-ci tura təsadüf edəcək qarşılaşmada rəqib “Osasuna” olacaq. Həmin matçdan sonra hazırkı baş məşqçi Joze Mourinyo postunu tərk edəcək. Ertəsi gün isə klubda prezident seçkisi baş tutacaq. Yeganə namizəd hazırkı prezident Florentino Peresdir. O, qalib olduqdan sonra yeni baş məşqçinin adını açıqlayacaq.
Qeyd edək ki, “Real Madrid” Joze Mourinyonun rəhbərliyi altında İspaniya çempionluğu, ölkə kuboku və Superkuboku qazanıb. O, həmçinin komandanı Çempionlar Liqasında ardıcıl 3 mövsüm yarımfinala daşıyıb. Karlo Ançelotti isə 2011-ci ildən başçılıq etdiyi PSJ ilə bu mövsüm Fransa çempionluğu sevinci yaşayıb. Əvvəllər isə o, İngiltərənin “Çelsi”, İtaliyanın “Milan”, “Yuventus”, “Parma” və “Recina” komandalarının sükanı arxasında olub.