Futbol üzrə İspaniya Kubokunda ilk yarımfinal matçları keçirilib. Lent.az-ın məlumatına görə, əvvəlcə paytaxt derbisində “Real Madrid” “Atletiko”nu qəbul edib.
Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 3:0. Qolları 17-ci dəqiqədə Pepe, 57-ci dəqiqədə Xese Rodriges, 74-cü dəqiqədə Anxel Di Mariya vurub.
Digər qarşılaşmada “Barselona” “Real Sosyedad”ı sınağa çəkib. Bu matçda da meydan sahibləri qalib gəlib – 2:0. 44-cü dəqiqədə Serxio Buskets hesabı açıb, 60-cı dəqiqədə isə qonaq komandanın futbolçusu Enyaut Subikaray topu öz qapısına göndərib. “Real Sosyedad” 44-cü dəqiqədə İnyiqo Martinesin meydandan qovulması səbəbindən matçı 10 futbolçu ilə tamamlayıb.
Qeyd edək ki, cavab görüşləri fevralın 12-də keçiriləcək.