“Qəbələ Kuboku”nu Avropanın elit turnirləri sırasında görmək istəyirik” - MÜSAHİBƏ
16 may 2013 14:45 (UTC +04:00)

“Qəbələ Kuboku”nu Avropanın elit turnirləri sırasında görmək istəyirik” - MÜSAHİBƏ

Nail Kərimov: “Tale Heydərov turnirlə bağlı bütün işlərdə birbaşa iştirak edir”

 

Mayın 28-dən iyunun 2-dək 15 yaşadək futbolçular arasında II “Qəbələ Kuboku” keçiriləcək. 8 komandanın iştirak edəcəyi beynəlxalq turnirin təşkilatçısı “Qəbələ” klubudur. Klub rəsmisi və “Qəbələ” Futbol Akademiyasının direktor müavini Nail Kərimov Lent.az-a açıqlamasında yarışa hazırlıq, təşkilati və akademiyada görülən işlər barədə danışıb...

 

- II “Qəbələ Kuboku” ötən il ilk dəfə keçirilmiş analoji turnirdən nə ilə fərqlənəcək?

 

- Ən böyük dəyişiklik komandaların səviyyə artımıdır. Düzdür, ötən il də məşhur klublar mübarizə aparmışdılar. Amma bu dəfə uşaq futbolunda liderlərdən sayılan və “Barselona” (İspaniya), “Portu” (Portuqaliya) kimi daha səviyyəlilər gələcəklər. Onları ötənilki komandalardan “Levante”, “Vilyarreal”, “Brondbü” (Danimarka) ilə müqayisə etmək olmaz. Bu dəfə “Şaxtyor” (Ukrayna), “Beşiktaş” (Türkiyə), “Zenit” (Rusiya), həmçinin ikinci dəfə “Feyenord” (Hollandiya) da dəvətimizi qəbul edib. Məqsədimiz turniri ən yüksək səviyyəyə çatdırmaqdır. Çünki növbəti illərdə “Qəbələ Kuboku”nun Avropanın elit turnirləri sırasına daxil olmasını istəyirik.

 

- Daha səviyyəli komandaları Qəbələyə gəlməyə nə vadar etdi?

 

- “Feyenord” ötənilki turnirdən sonra yenidən iştirak üçün müraciət etdi. Əlbəttə, Hollandiyanın belə məşhur təmsilçisinin bura gəlməsi bizə də xoşdur. Qalan komandalara isə ilk turnirdən videogörüntülər, fotolar, yazılı məlumatlar təqdim etdik. Onlar ilk turnirin təşkilatçılığını gördükdən sonra təklifimizi qəbul etdilər. Təbii ki, bu işlərin həyata keçirilməsi üçün, ən azı ilk turnirlə bağlı məlumatların dəvət etdiyimiz klublara çatdırılması baxımından, şəxsi münasibətlərin də rolu var. Amma ən əsası, ötənilki turnirin yaxşı təşkili, Qəbələdəki şərait, qidalanma, meydançaların yaxşı vəziyyətdə olması kimi amillər onların şərtlərimizi qəbul etmələrinə təkan verdi.

 

- Komandaların səfər və yerləşdirilməsi xərclərini kim ödəyəcək? Mükafat nəzərdə tutulub?

 

- Turnirlə bağlı bütün xərcləri təşkilatçı - “Qəbələ” futbol klubu qarşılayacaq. Mükafat isə nəzərdə tutulmur. Bu da bir növ bizim prinsipimizdir. Uşaq futbolunda heç bir pul mükafatı qoymuruq. Öz futbolçularımız nəinki Azərbaycanın aşağı yaş qrupları üzrə çempionatlarında, hətta “Qəbələ Kuboku”nda qalib olsalar belə, pulla mükafatlandırmırıq. Eləcə də turnirin digər iştirakçılarına pul mükafatı verilməyəcək.

 

- Azərbaycanı təşkilatçı komanda “Qəbələ”dən başqa, “Bakı” da təmsil edəcək. Ötən il dəvət etdiyiniz “Qarabağ” sonuncu olmuşdu. Bu dəfə “Bakı”ya üstünlük verməyiniz nə ilə əlaqədardır?

 

- Biz hər il bir klubumuzu dəvət etməyi düşündük. İlk turnirə “Qarabağ”ı dəvət etməyimizdə həm uşaq futbolunda gördükləri işlər, qoyduqları sərmayələr, həm də klubun adı rol oynamışdı. Bu il isə “Bakı”nı ona görə dəvət etdik ki, bu klubun futbol akademiyası, uşaq futbolu sahəsində gördüyü işlər həqiqətən də təqdirəlayiqdir. Bu gün “Qəbələ” ilə yanaşı, “Bakı” da uşaq futbolu üçün ciddi işlər görür. Ona görə də bu dəfə paytaxtın eyniadlı təmsilçisinə üstünlük verdik. Sağ olsunlar, təklifimizi qəbul etdilər.

 

- Ötən il “Qəbələ” turnirdə 6-cı yeri tutmuşdu. Bəs bu il komandanın qarşısına daha yüksək yer tutmaq məqsədi qoyulub?

 

- Xeyr, belə bir məqsəd qoyulmayıb. Çünki rəqiblərimiz sıradan yox, Avropada öz sözlərini demiş komandalardır. “Qəbələ” isə 2005-ci ildə yaranmış və 2009-cu ildə akademiyasının əsası qoyulmuş klubdur. Biz futbolçularımızdan bütün oyunlarda qələbə, ən yüksək yer tutmağı tələb etmirik. Rəhbərlik olaraq, futbolçu və məşqçi heyətindən bir istəyimiz var ki, o da gözəl və ağıllı futbol oynamaqdır. Bu il komandamızın daha yaxşı oyun sərgiləyəcəyinə ümid edirik. Düzdür, bəzi problemlərimiz var. Futbolçularımızdan 2-si zədəlidir. Amma əvəzləyicilərinin onların yoxluğunu unutduracaqlarını düşünürük.

 

- Bəs futbol akademiyanızın yeni direktoru Stenli Brard qarşıdakı turnirdə “Qəbələ”nin daha yaxşı oyun sərgiləməsi üçün hansı işləri görüb?

 

- Brard bizimlə ötən ay müqavilə bağlasa da, hələ fəaliyyətə başlamayıb. O, Qəbələyə “Feyenord” akademiyasının direktoru kimi gələcək və yalnız turnirdən sonra yeni işinin icrasına başlayacaq. Bu gün ortada olan işlərdə və turnirdəki hər hansı nəticədə Brardın heç bir rolu yoxdur.

 

- Klubunuzun prezidenti Tale Heydərovun “Qəbələ Kuboku”na diqqəti hansı səviyyədədir?

 

- Onun həm açılış, həm də bağlanışda iştirakı gözlənilir. Tale müəllim hər şeylə maraqlanır, bütün işlərdə birbaşa iştirak edir, hazırlıq prosesindən xəbəri var.

 

- Akademiyanızda aparılan inşaat işləri nə vaxt yekunlaşacaq?

 

- Hazırda akademiyamızın inzibati binasının inşası davam edir. İşlər avqust-sentyabr aylarınadək yekunlaşacaq. Əslində indiyədək istifadəyə verilməli idi. Lakin tikintinin gedişində müəyyən problemlər oldu ki, bu da normal haldır. Akademiyanın meydançası isə artıq hazırdır. İnzibati binaya həm də paltardəyişmə otaqları və tribunalar daxil olacaq.    

# 617
avatar

Oxşar yazılar