“Qəbələ” futbol komandasının baş məşqçisi Yuri Syomin Rusiya “Spartak”ından təklif alıb. Lent.az-ın xəbərinə görə, bu barədə “Sport-Ekspress”ə “Spartak”a yaxın mənbələrdən məlumat verilib.
Qəzet yazır ki, Syomin “qırmızı-ağlar”ın baş məşqçi postuna namizədlər arasındadır. Hətta klub nümayəndələri təcrübəli mütəxəssislə əlaqəyə də giriblər. 66 yaşlı baş məşqçiyə “Spartak”ın direktorlar şurasındakı müəyyən qüvvələr də dəstək verirlər. Həmin qüvvələr məhz onun komandada nizam-intizamı və oyunu tezliklə qaydaya salacağına ümid edirlər. Digər tərəfdən, Syominin təyinatı Rusiyanın aparıcı komandalarına yerli mütəxəssislərin rəhbərlik etməsi tendensiyası çərçivəsindədir.
Qeyd edək ki, hazırda “Qəbələ” tarixində ilk dəfə Avropa Liqasına vəsiqə qazanmağa çox yaxındır. Hazırda Topaz Premyer Liqasında 4-cü pillədə olan baş məşqçi Yuri Syominin komandası Azərbaycan Kubokunun finalına da yüksəlib.