Futbol üzrə Topaz Premyer Liqasında XXII turun daha 2 oyunu başa çatıb. Lent.az-ın məlumatına görə, Zaqatalanın “Simurq” komandası autsayder “Sumqayıt”ı darmadağın edib – 4:0.
Hesabı 13-cü dəqiqədə penaltidən Draqan Çeran açıb. Bundan 7 dəqiqə sonra İdan Vaytsman fərqi artırıb. 28-ci dəqiqədə Vurğun Hüseynov ikinci sarı vərəqənin ardından qırmızı vərəqə alaraq, “Sumqayıt”ı azlıqda qoyub. “Simurq” say üstünlüyündən faydalanaraq, ikinci yarıda daha 2 qol vurub. 48-ci dəqiqədə Draqan Çeran “dubl” edib. 86-cı dəqiqədə isə Salif Ballo matçda son nöqtəni qoyub.
“Neftçi” – “İnter” matçında da qapılara 4 qol vurulub. Amma qonaqlar iki dəfə hesabda önə keçsələr də, qələbəyə nail ola bilməyiblər. Hesabı 29-cu dəqiqədə Yohan Bokonyano açıb. Əsas hadisələr matçın son bölümündə cərəyan edib. 76-cı dəqiqədə “İnter”in futbolçusu Brüs Abdulaye əllə oynadığı üçün baş hakim Fariz Yusifov penalti təyin edib. “Neftçi”nin gənc yarımmüdafiəçisi Araz Abdullayevin zərbəsi dəqiq olub. Lakin 5 dəqiqə sonra qonaqların gürcüstanlı legioneri Laşa Salukvadze “bankirlər”i hesabda yenidən irəli çıxarıb. Amma 86-cı dəqiqədə Ruslan Qurbanov “Neftçi”nin bərabərlik qolunu vurub – 2:2.
Turun açılış oyununda isə AZAL “Qəbələ”ni qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Amma hesabı meydan sahibləri açıb. 39-cu dəqiqədə “Qəbələ”nin kapitanı Volodimir Levin əllə oynadığı üçün baş hakim Rəhim Həsənov penalti təyin edib. AZAL-ın yeni transferi Nedo Turkoviçin zərbəsi dəqiq olub. “Qəbələ” 5 dəqiqə sonra bərabərlik qolunu vurub. Daniel Subotiç bu mövsüm 10-cu qolunu vuraraq, bombardirlər siyahısında “İnter”in hücumçusu Vaqif Cavadovun liderliyinə şərik olub. Qonaqlar qələbə topuna 71-ci dəqiqədə imza atıblar. Daha doğrusu, AZAL-ın futbolçusu Şəhriyar Rəhimov topu öz qapısına göndərib.
Bu nəticələrdən sonra “Qəbələ” 41 xalla 2-ci pilləyə yüksəlib. 39 xala malik “Neftçi” 3-cü pilləyə enib. “İnter” isə 37 xalla 4-cü pillədə qalıb.
Hazırda “Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam) və “Xəzər Lənkəran” – “Bakı” matçları keçirilir. İlk yarıdan sonra hər iki görüşdə hesab açılmayıb.
***
17.03
“Qəbələ”dən vacib qələbə
Futbol üzrə Topaz Premyer Liqasında XXII tura start verilib. Lent.az-ın məlumatına görə, açılış oyununda AZAL “Qəbələ”ni qəbul edib.
Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Amma hesabı meydan sahibləri açıb. 39-cu dəqiqədə “Qəbələ”nin kapitanı Volodimir Levin əllə oynadığı üçün baş hakim Rəhim Həsənov penalti təyin edib. AZAL-ın yeni transferi Nedo Turkoviçin zərbəsi dəqiq olub. “Qəbələ” 5 dəqiqə sonra bərabərlik qolunu vurub. Daniel Subotiç bu mövsüm 10-cu qolunu vuraraq, bombardirlər siyahısında “İnter”in hücumçusu Vaqif Cavadovun liderliyinə şərik olub. Qonaqlar qələbə topuna 71-ci dəqiqədə imza atıblar. Daha doğrusu, AZAL-ın futbolçusu Şəhriyar Rəhimov topu öz qapısına göndərib.
Bununla da “Qəbələ” ardıcıl 2 məğlubiyyətin ardından qələbə qazanaraq, 41 xalla 2-ci pilləyə yüksəlib.
Hazırda “Neftçi” (Bakı) – “İnter” (Bakı) və “Simurq” (Zaqatala) – “Sumqayıt” oyunları davam edir. İlk yarıdan sonra “İnter” 1:0, “Simurq” isə 2:0 hesabı ilə öndədir. Tura saat 17:00-da başlanacaq “Rəvan” (Bakı) – “Qarabağ” (Ağdam) və “Xəzər Lənkəran” – “Bakı” matçları ilə yekun vurulacaq.