Çempionlar Liqasının (ÇL) qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Çelsi” heyətini gücləndirmək niyyətindədi. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “zadəganlar” “Arsenal”ın üzvü Aleks Çemberlenlə yaxından maraqlanırlar.
London klubu 24 yaşlı yarımmüdafiəçini yay “transfer pəncərəsi” bağlanana qədər heyətinə qatmaq arzusundadı. “Çelsi” rəhbərliyi keçidin baş tutması üçün qarşı tərəfə 70 milyon funt-sterlinq ödəməyə hazırdı.
Bir müddət əvvəl londonlular Çemberlenə görə “Arsenal”a 35 milyonluq təkliflə müraciət etmişdilər. Lakin həmin təklif “topçular” tərəfindən qəbul edilməmişdi. “Arsenal” rəhbərliyinin bu dəfə hansı cavabı verəcəyi maraq doğurur.
Qeyd edək ki, “Çelsi” ÇL-in qrup mərhələsindəki ilk oyununu məhz “Qarabağ”a qarşı keçirəcək. Görüş sentyabrın 12-də “Stemford Bric”də baş tutacaq.