Avropa Liqasının qrup mərhələsinin V turunun səfər oyununda “Slovan”a 0:3 hesabı ilə uduzan “Qarabağ”ın 1/16 finala yüksəlib-yüksəlməyəcəyinə son tur aydınlıq gətirəcək. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisinin mübarizə apardığı J qrupunda ilk iki pillənin sahibləri dekabrın 8-də bəlli olacaq.
VI tur öncəsi bütün komandaların həm mərhələ keçmək şansları var, həm də qrupda qalmaq təhlükəsi. Belə vəziyyətin yaranmasına Çexiyadakı darmadağınla yanaşı, İtaliyada sensasiyanın qeydə alınması səbəb olub. Yunanıstan PAOK-unun “Fiorentina”nın meydanında 3:2 hesablı qələbə qazanması qrupdakı vəziyyəti qarışdırıb.
Son turda “Qarabağ” “Fiorentina”nı, PAOK isə “Slovan”ı qəbul edəcək. İtaliya təmsilçisi 10 xalla lider kimi ölkəmizə gəlsə də, qrupda da qala bilər. “Qarabağ”la PAOK-un mübarizəsi isə son anadək davam edəcək. Çexiya klubu isə hadisələrin uğurlu axarına ümid edir.
Riyazi hesablamalar göstərir ki, son turda 9 nəticə variantı mümkündü. Bu variantların hamısını nəzərdən keçirək.
“Qarabağ” qalib gəlir, PAOK da qələbə qazanır
Bu vəziyyətdə “Slovan” 4 xalla sonuncu pillədə qalır. Digər 3 komandanın 10 xalı olur. Şəxsi oyunlara, 3 komanda arasında turnir cədvəlinə görə “Qarabağ” 9 xalla 1-ci yerlə 1/16 finala yüksəlir. “Fiorentina” və PAOK 4 xala malik olsa da, italiyalıların top fərqi onları 2-ci edir. Yalnız Bakıdakı 6 top fərqli məğlubiyyət onların yolunu kəsə bilər. Bu, inandırıcı olmadığından Florensiya klubunu 1/16 finalda saymaq olar.
“Qarabağ” qalib gəlir, PAOK heç-heçə edir və ya “Qarabağ” qalib gəlir, PAOK məğlub olur
Bu iki variant ciddi şəkildə fərqlənmir. Hər ikisində “Qarabağ” və “Fiorentina” mərhələ adlayır. Yalnız 1-ci yerin taleyi Bakıdakı top fərqindən asılıdı. Ağdamlılar 4 top fərqi ilə qalib gəlsə və qol buraxmasa, ya da daha çox fərqə sevinsə 1-ci olacaq.
“Qarabağ” heç-heçə edir, PAOK qələbə qazanır
Bu halda “Fiorentina” 11 xalla 1-ci, PAOK isə 10 xalla 2-ci olur. 8 xalı olan Qurban Qurbanovun yetirmələri isə qrupda qalır.
“Qarabağ” da heç-heçə edir, PAOK da
Bu halda “Fiorentina” yenə 11 xalla 1-ci olur. Eyni – 8 xala malik PAOK və “Qarabağ”ın şəxsi oyunlarında üstün olan ağdamlılar 2-ci yerlə 1/16 finala yüksəlir.
“Qarabağ” heç-heçə edir, PAOK məğlub olur
Bu halda “Fiorentina” 11 xalla 1-ci, “Qarabağ” 8 xalla 2-ci olur. Digər iki komanda 7 xalla öz aralarındakı şəxsi oyunlara əsasən mənasız 3-cü yerin sahibini müəyyənləşdirir.
“Qarabağ” uduzur, PAOK qələbə qazanır
13 xal toplayan “Fiorentina” 1-ci olur. PAOK 10 xal topladığından “Qarabağ” mövsümü başa vurur.
“Qarabağ” uduzur, PAOK heç-heçə edir
13 xal toplayan “Fiorentina” 1-ci olur. PAOK 8 xalla 2-ci yerin sahibi kimi mərhələ adlayır. 7 xal “Qarabağ”a bunun üçün kifayət etmir.
“Qarabağ” uduzur, PAOK məğlub olur
“Fiorentina” 13 xalla 1-ci yeri tutur. Digər 3 komanda eyni sayda – 7 xal topladığından onlar arasında şəxsi oyunlar əsas götürülür. Bu halda “Slovan”la “Qarabağ” “üçlüy”ün oyunlarında 7, PAOK 1 xal qazanmış olur. Amma 3 komandalı cədvəldəki top fərqi çexiyalıları 1/16 finala daşıyır.
Göründüyü kimi 9 mümkün variantdan 5-i “Qarabağ”ın lehinədi. Qalib gəlsə, digər oyunun nəticəsindən asılı olmayaraq mərhələ keçəcək komandamız heç-heçəylə də istəyinə çata bilər. Amma bunun üçün PAOK-un evdə xal itirməsi (heç-heçə və ya məğlubiyyət) lazımdı.