“Qalatasaray”da ikinci “Frank Riberi problemi” yaşanır. Apasport.az saytının məlumatına görə, İstanbul klubunun qış transfer dönəmində “Qrashoppers”dən aldığı İzzət Hairoviç ölkəsinə qaçıb.
Hairoviç transfer pulunun ödənməli olduğu müddətdən 90 gün keçdiyini əsas gətirərək, ölkəsinə gedib. Futbolçu daha sonra pulunu ala bilmək üçün FİFA-ya müraciət edib.
Hairoviçin vəkili kluba yazılı bildiriş göndərərək, pulun 5 gün ərzində ödənilməsini istəyib. “Qalatasaray”dan bildirişə reaksiya verilmədiyindən, vəkil klubla futbolçu arasında müqavilənin pozulduğuna dair daha bir bildiriş göndərib. Bundan sonra əl-haya düşən “Qalatasaray” rəsmiləri pulu futbolçunun hesabına köçürüblər. Amma toyda iştirak etmək üçün icazə alaraq ölkəsi Bosniyaya gedən Hairoviç artıq geri dönməyib. Baş verənlərdən sonra klub rəsmiləri Hairovçin özü ilə görüşüblər. Futbolçu FİFA-ya şikayətini geri götürə biləcəyini bildirsə də, hələ də bu addımı atmayıb.
Qeyd edək ki, “Qalatasaray” bosniyalı oyunçu ilə 4,5 il üçün 4 milyon 950 min avroluq müqavilə imzalayıb. Bundan əlavə, Hairoviç oynadığı hər oyun üçün əlavə 10 min avro almalıymış. İstanbul klubu ayrıca olaraq “Qrashoppers”ə də 3,5 milyon ödəmişdi.
Hazırda kluba dönmək və dönməmək qərarı Hairoviçin əlindədir. Futbolçu geri dönməmək qərarına gəlsə, heç bir cərimə ödəmədən müqaviləsi ləğv ediləcək və sərbəst oyunçu kimi istənilən klubla müqavilə bağlaya biləcək.
Xatırladaq ki, “Qalatasaray” artıq bir dəfə analoji hadisəni yaşayıb. 2005-ci ildə klubun keçmiş oyunçusu Frank Riberi 138 min avronu almadığından, FİFA-ya şikayət etmiş və ölkəsinə dönərək, geri qayıtmamışdı.