“Neftçi”nin prezidenti: “...satacağıq” - MÜSAHİBƏ
20 may 2013 12:55 (UTC +04:00)

“Neftçi”nin prezidenti: “...satacağıq” - MÜSAHİBƏ

“Neftçi” futbol klubunun prezidenti Sadıq Sadıqovun Lent.az-a müsahibəsi

 

- Ardıcıl 3-cü mövsüm çempion oldunuz. Hansı hissləri keçirirsiniz?

 

- Bu, ən çətin çempionluq oldu. Futbolumuz inkişaf edir, Premyer Liqada oyunlar get-gedə çətinləşir. İlk “6-lıq”dakı bütün klublar çempionlar kimi çıxış edirlər. Amma biz bu mövsüm həm Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq, həm də çempion olduq. Üst-üstə xeyli oyun keçirdiyimizi də nəzərə aldıqda, hazırkı çempionluğu daha yüksək qiymətləndirirəm. Hərçənd, qızıl medal qazanacağımıza inanmırdım. Bu, bütün  “Neftçi”sevərlərin uğurudur. Amma qarşıda daha böyük uğurlarımız var. Bu mövsüm də tarix yazmaq fikrindəyik. Çempionlar Liqasının qrup mərhələsinə düşməyə çalışacağıq. Mayın 28-də keçiriləcək Azərbaycan Kubokunun final matçından sonra komanda buraxılacaq. Yay transferləri ilə heyətimizi daha da gücləndirməliyik. Çempionlar Liqasının qrup mərhələsinə düşmək fikrimiz varsa, gecə-gündüz işləməliyik. Məqsədimiz də bundan ibarətdir.

 

- Yeri gəlmişkən, bu mövsüm kuboku da qazanaraq, qızıl dubl etməyiniz mümkün olacaqmı?

 

- Ötən mövsüm çempion olsaq da, ölkə kubokunun finalında “Bakı”ya uduzmuşduq. Amma bu dəfə “Xəzər Lənkəran”la görüşdə eyni səhvlərə yol verən deyilik. “Qızıl dubl” hər bir klub prezidentinin arzusudur.

 

- Bəzi aparıcı futbolçuların müqavilələri başa çatır. Onları heyətdə qoruyub saxlaya biləcəksiniz?

 

- Biz də buna çalışırıq. Heç kim heyətdə çıxış edən futbolçunu satmaq istəməz. Oyunçularla öz aramızda söhbət etmişik. Amma rəsmi səviyyədə danışıqlar aparılmayıb. Azərbaycan Kubokunun final matçından sonra bir neçə aparıcı oyunçumuzla müqaviləni uzatmaq fikrimiz var. Həm özlərinin, həm də bizim razılığımızla.

 

- İcarədəki futbolçularınızın taleyi necə olacaq?

 

- Doğrudan da çox perspektivli gənc futbolçular var ki, “Sumqayıt”, “Simurq”, “Rəvan” kimi klublarda icarədədirlər. Həmin oyunçuların Premyer Liqada oyun praktikalarını daha da artırmaları üçün transferə çıxarmaq fikrimiz var. Onları ya icarəyə verəcəyik, ya da satacağıq.

 

- Bəs qışda xarici klublardan təklif alanları satmaq niyyətiniz var?

 

- Belə təkliflər indi də var. Allah qoysa, bunların hamısı mayın 28-dən sonra açıqlanacaq.

# 2015
avatar

Oxşar yazılar