“Neftçi” klubunun futbolçusu Melvin Platye Topaz Premyer Liqasının XXI turunda “Bakı”ya 0:2 hesablı məğlubiyyətin məsuliyyətini üzərinə götürüb. Lent.az-ın məlumatına görə, hollandiyalı hücumçu oyun ərzində bir neçə qol imkanını əldən verdiyini etiraf edib.
26 yaşlı forvard flaqmanın rəsmi saytı vasitəsilə azarkeşlərdən üzr istəyib: “Əsas heyətimizin 4-5 futbolçusunun çıxış etməməsinə baxmayaraq, “Bakı” klubu ilə oyun bərabər səviyyədə keçdi. Nəticəyə gəldikdə, sadəcə, bəxtimiz gətirmədi. Elə təkcə mənim bu matçda bir neçə qol imkanım oldu. Təəssüf ki, bu vəziyyətlərdə yararlana bilmədim. Rəqib isə əksinə, əlinə düşən fürsətlərdən maksimum istifadə etdi. Əlbəttə, heç kim istəməzdi ki, belə olsun. Həmin vəziyyətləri boşa verməsəydim nəticə fərqli ola bilərdi. Bu səbəbdən, azarkeşlərimizdən üzr istəyirəm. Başa düşürəm ki, hücumçu kimi vəzifəm qol vurmaqdır və gələcək oyunlarda bu uğursuzluğu unutduracam”.
“Neftçi”ni yalnız qızıl medalların qane etdiyini deyən Platye çempionluq üçün əllərindən gələni edəcəklərini söyləyib. O, azarkeşlərin də dəstəyi ilə bu vəzifənin öhdəsindən gələ biləcəklərinə inam ifadə edib. Sonda Platye “Neftçi”sevərləri “İnter”lə fevralın 19-da keçirəcəkləri oyuna dəvət edib.