Azərbaycan Kubokunun qalibi üçün baş mükafat yenilənib. Lent.az-ın məlumatına görə, yeni kubok ilk dəfə mayın 24-də AFFA-nın inzibati binasında təqdim olunacaq.
Sabah həm də Azərbaycan Superkubokunun təqdimat mərasimi keçiriləcək. Hər iki mükafat uğrunda cəmi 2 klub – “Neftçi” və “Xəzər Lənkəran” mübarizə aparacaq. Bu komandalar əvvəlcə mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan Kuboku uğrunda həlledici görüşdə üz-üzə gələcəklər. Peşəkar Futbol Liqası Respublika günündə baş tutacaq oyunun yüksək səviyyədə təşkili üçün bəzi tədbirlər görüb. Saat 20:00-da başlanacaq matçdan bir saat öncə müğənni Röyanın iştirakı ilə şou-proqram təşkil olunacaq. Final oyunundan dərhal sonra isə azarkeşlər arasında uduşlu lotereya keçiriləcək. Tamaşaçılar 1 ədəd “Chevrolet Aveo” avtomobili, planşet və smartfon qazanmaq imkanı əldə edəcəklər.
Artıq final oyununun biletləri satışa çıxarılıb. Sektordan asılı olaraq 2 - 100 manat aralığında olan biletləri stadionun kassalarından əldə etmək mümkündür. Daha dəqiqi 1 – 10 və 19 - 28-ci sektorlara 2 manata, 11 - 13, 16 – 18 və 30 - 37-ci sektorlara 5 manata, 14 və 15-ci sektorlara 20 manata, VIP C və VIP D sektorlarına isə 100 manata bilet əldə etmək olar.
Qalibin kimliyindən asılı olmayaraq, “Neftçi” və “Xəzər Lənkəran” Azərbaycan Superkuboku uğrunda görüşdə də qarşılaşacaqlar. Çünki Superkubok oyunu çempionla kubokun sahibi arasında keçirilir. “Neftçi” artıq çempionluğu təmin edib. Flaqman kuboku da qazansa, Superkubok mücadiləsində finalçını, yəni “Xəzər Lənkəran”ı sınağa çəkməli olacaq. Amma bu oyunun tarixi hələ müəyyənləşməyib. Əsasnaməyə görə, Superkubok matçı Avropa Liqasında I təsnifat mərhələsinin ilk oyunlarından 1 həftə öncə baş tutmalıdır. Bu isə iyunun 27-si deməkdir. Lakin daha çox Avroliqanı düşünən “Xəzər Lənkəran” həmin tarixdə oynamaq istəmir.