“Neftçi”, “Qarabağ” və “İnter” mükafatsız qalmalarından xəbərsizdir - RƏY
14 may 2013 18:02 (UTC +04:00)

“Neftçi”, “Qarabağ” və “İnter” mükafatsız qalmalarından xəbərsizdir - RƏY

Peşəkar Futbol Liqası (PFL) Topaz Premyer Liqasında 2012-2013-cü il mövsümünü ilk 3 pillədə başa vuran komandalar üçün pul mükafatını ləğv edib. Əvvəlki mövsümlərdə çempion 150 min, vitse-çempion 100 min, bürünc mükafatçı isə 70 min manat qazanıb. Bu mövsüm medalların “Neftçi”, “Qarabağ” və “İnter” arasında bölüşdürüləcəyi dəqiqdir.

 

Lent.az hər 3 klubla əlaqə saxlayaraq, PFL-in qərarına münasibət öyrənib. Rəyi soruşulanlar qərardan məlumatsız olduqlarını bildiriblər. Halbuki PFL rəhbərliyi hələ mövsümün əvvəllərində püşkatma mərasimi zamanı klubların bu barədə məlumatlandırıldığını iddia edir: 

 

Georgi Nikolov (“İnter”in prezidenti): “Biz PFL-in verdiyi mükafatla yaşamırıq. Klubu sponsorlarımız və təsərrüfat fəaliyyətimiz nəticəsində əldə edilən gəlir hesabına saxlayırıq. Əvvəllər medalçılar sırasına düşərkən, pul mükafatı almışdıq. Amma bu mövsümdən mükafat ləğv olunubsa, problem deyil. Açığı, yeni qərardan məlumatsızam. Ola bilsin, PFL-in ya pulu, ya da mükafat verməyə arzusu olmayıb”.

 

Əmrah Çəlikəl (“Qarabağ”ın baş direktoru): “Bu qərar bizə hələ rəsmi formada təqdim olunmayıb. Əlbəttə, pul mükafatına ehtiyacımız var. Amma verilməsə də problem deyil. Əgər pul mükafatı ləğv olunubsa, ya imkanları, ya da bu mövsüm üçün belə bir planları yoxdur”.

 

Gündüz Abbaszadə (“Neftçi”nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri): “Bu barədə heç bir məlumatım yoxdur. Hazırda Premyer Liqada son 2 oyunu və ölkə kubokunun finalını düşünürük. Mövsüm başa çatdıqdan sonra məsələyə münasibətimizi bildirəcəyik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 655
avatar

Oxşar yazılar