“Mənə aydın deyil ki, Rəcəbov niyə belə nəticələr göstərir” - MÜSAHİBƏ
31 mart 2013 03:07 (UTC +04:00)

“Mənə aydın deyil ki, Rəcəbov niyə belə nəticələr göstərir” - MÜSAHİBƏ

- 12-ci turda Boris Gelfandla heç-heçədən sonra İddiaçılar Turnirinin qalibi olma şanslarını itirdiyinizi düşünmürsünüz?

 

- Açığı, mən qalib gəldiyim daha öncəki turdan sonra da böyük şanslara malik olduğumu düşünmürdüm. Elə bugünkü nəticə də heç nəyi dəyişmədi.

 

- Amma ermənistanlı Levon Aronyanla görüşdə daha yaxşı çıxış edərək, qələbə qazanmışdınız...

 

- Başa düşürəm. Lakin şanslar yenə də aşağıdır. Vəziyyət prinsipial şəkildə dəyişməyib. Mən nüfuz, şəxsi qürur naminə mübarizə aparıram. Birinci yer şanslarım Aronyanı udandan sonra da yox idi, indi də yoxdur. Hansısa möcüzə baş verməli idi ki, birinci yer uğrunda mübarizə aparım.

 

- Bəs həmyerliniz Vladimir Kramnikin turniri birinci yerdə bitirməsi üçün necə, mübarizə aparmırsınız?

 

- Biz hamımız bura mübarizə aparmağa gəlmişik. Amma konkret indiki halda, hər görüşümü mümkün olduqca, oynaya biləcəyim qədər yaxşı keçirməyə çalışıram. Amma ümumi nəticələrə əsasən, birinci yeri tutmağım mümkün deyil. Ona görə də liderlik uğrunda mübarizənin ciddi əhəmiyyəti yoxdur.

 

- İstəməzdiniz ki, rusiyalı qrossmeyster İddiaçılar Turnirinin qalibi olsun?

 

- Turnirin qalibi olmağa 3 namizəd arasında favoritlərim yoxdur. Qoy, kim güclüdürsə, o da qalib gəlsin. 

 

- Teymur Rəcəbovun çıxışı barədə nə deyə bilərdiniz?

 

- Əlbəttə, mən ondan çox şey gözləyirdim. Amma nə demək olar? Bir neçə vacib məqamda imkanlar əldən verildi. Belə hallar da olur. Onun üçün turnir çox çətin alındı. Səbəbini demək də çətindir. Amma aydındır ki, o, nə bu nəticəni istəyirdi, nə də Londona indiki kimi çıxış etməyə gəlmişdi. Öz tərəfimdən, mənə aydın deyil ki, Rəcəbov niyə belə nəticələr göstərir. Teymur çox güclü şahmatçıdır. Onun belə çıxışı mənim üçün bir tapmacadır.

 

- Onun göstərdiyi nəticələrdən heyrətlənmədiniz?

 

- Mən “heyrətləndirdi” sözünü işlətməyi xoşlamıram. Amma onun çıxışı məni təəccübləndirdi. Aydındır ki, hazırkı yeri onun səviyyəsinə uyğun deyil. İddiaçılar Turnirinin qalibi olmaq uğrunda vuruşacağını hesab edirdim.

 

- Bir çoxları Rəcəbovun İddiaçılar Turniri öncəsi heç bir yarışa qatılmamasını uğursuz çıxışına səbəb göstərir...

 

- Hər kəs özünə cavabdehdir və qərarı da özü verir. Mən bu məsələ barədə bir söz deyə bilmərəm.

 

 

# 1176
avatar

Oxşar yazılar