Belarusda yaşayan əslən azərbaycanlı kikboksçu və K-1 döyüşləri üzrə tanınmış idmançı Zabit Səmədov Azərbaycanın boks yığmasına cəlb olunub. Lent. az-ın məlumatına görə, Səmədov dünya çempionatına hazırlıq məqsədilə avqustun 24-də Qırğızıstana təlim-məşq toplantısına yola düşəcək.
“Mauqli” ləqəbli idmançı 91 kq çəki dərəcəsində özünü sınayacaq. Onu Avropa çempionu, dünya və 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Teymur Məmmədovla gərgin rəqabət gözləyir.
Millimiz Qırğızıstan boksçuları ilə birgə İssık-Kul gölü sahilində yerləşən Müdafiə Nazirliyinin Tamqa kəndindəki sanatoriyasında məşq edəcək. Komandamız Xəzərin o tayına baş məşqçi Vladimir Zolotaryov və məşqçi Nəriman Abdullayevin rəhbərliyi altında 22 boksçu ilə gedəcək. Heyətə Olimpiya oyunlarının mükafatçıları Məhəmmədrəsul Məcidov (+91 kq), Teymur Məmmədov (91 kq), Avropa çempionu Salman Əlizadə, Elvin Məmişzadə kimi təcrübəli boksçular da daxil edilib.
Yığmamız sentyabrın 18-dək Qırğızıstanda qalacaq. Daha sonra Bakıya qayıdacaq boksçularımız bir müddət istirahət etdikdən sonra bu dəfə Qazaxıstana toplanışa yollanacaqlar. Millimiz oktyabrın 13-də Almatıda start götürəcək dünya çempionatına kimi bu ölkədə qalacaq.
Yığmamızın heyəti:
49 kq: Salman Əlizadə, Münasib Məmmədov
52 kq: Elvin Məmişzadə, Tural Əhmədov, Əbdürrəhman Şirinov
56 kq: İlkin Ağayev, Cavid Çələbiyev
60 kq: Şaban Şahpələngov, Elvin İsayev, Rüstəm Musayev
64 kq: Heybətulla Hacəliyev, Elnur Süleymanov
69 kq: Tamerlan Abdullayev, Pərviz Bağırov
75 kq: Soltan Migitinov, Eldar Quliyev
81 kq: Rauf Rəhimov, Emil Əhmədov
91 kq: Teymur Məmmədov, Zabit Səmədov
+91 kq: Məhəmmədrəsul Məmmədov, Kamran Mehdiyev.