“Lans”ın prezidenti: “Bakı” bizi xilas etdi”
27 sentyabr 2013 10:46 (UTC +04:00)

“Lans”ın prezidenti: “Bakı” bizi xilas etdi”

“Bakı” və Fransanın “Lans” klubları arasında arasında əməkdaşlıq sazişi imzalanıb. Lent.az-ın məlumatına görə, anlaşma Parisdə təşkil olunan ənənəvi beynəlxalq turizm sərgisi çərçivəsində baş tutub.

 

Tədbiri Azərbaycanın Fransadakı səfirinin müşaviri Elmar Məmmədov açıb. O, iki ölkənin müxtəlif sahələrdə uğurla əməkdaşlıq etdiyini bildirərək, bu əlaqələrin hər iki ölkə üçün böyük əhəmiyyət daşıdığını ifadə edib. Bu baxımdan, “Bakı”nın önəmli müqavilə imzalamasını yüksək dəyərləndirən diplomat əməkdaşlığın xalqlarımız arasında əlaqələrin daha da güclənməsinə xidmət edəcəyini bildirib.

“Bakı”nın icraçı-direktoru Yaşar Seyidov azərbaycanlı yeniyetmə futbolçuların Fransada çıxışının ölkə üçün xüsusi önəmini və gələcəkdə onların müxtəlif yaş qruplarından ibarət yığmaya da fayda verəcəyini diqqətə çatdırıb.

“Lans”ın prezidenti Jerve Martel isə çıxışı zamanı bu yöndə “Bakı"ya dəstək veriləcəyini və bunun hər iki ölkə futbolu üçün vacibliyini vurğulayıb. Həmçinin, o, bu günlərdə UEFA prezidenti Mişel Platininin Bakıya səfərinə diqqət ayıraraq Azərbaycanda futbolun inkişafına ciddi önəm verildiyini söyləyib. Daha sonra “Bakı” və “Lans” klubları arasında əməkdaşlıq sazişi imzalanıb. Sonda klub rəsmiləri və futbolçular xatirə şəkli çəkdirib.

 

Ardından baş tutan mətbuat konfransında isə Martel “Bakı”nın prezidenti Hafiz Məmmədovu “Lans”ın xilaskarı adlandırıb: “İlk olaraq Hafiz Məmmədova təşəkkürümü bildirmək istərdim. Hafiz müəllim bizim klubumuzun xilaskarıdır. O, çətin durumda olan “Lans”a dəstək verməklə, 100-dən artıq yaşı olan klubumuza ikinci nəfəs verdi. Biz bunun məsuliyyətini dərk edirik. Komandamız Fransa I liqasına vəsiqə uğrunda mübarizə aparır və mən sizə söz verirəm ki, biz bu çətin vəzifənin öhdəsindən gələcəyik. Azərbaycan bizim üçün çox maraqlı ölkədir. Fransa və Azərbaycan müxtəlif sahələrdə uğurla əməkdaşlıq edirlər. Biz Azərbaycanın sürətli inkişafının şahidiyik. Ölkəniz qısa müddət ərzində böyük yol qət edib. Vurğulamaq istəyirəm ki, Azərbaycan idmana böyük diqqət ayrılan lider ölkələrdən biridir.  Təsadüfi deyil ki, bu maraq ölkə sərhədlərini aşaraq Fransaya qədər uzanıb. Biz “Azərbaycan Land of Fire” titullu reklamı ilə çıxış etməkdən qürur duyuruq. Azərbaycana etdiyim səfərlər nəticəsində formalaşan fikirlərimə görə bu ölkənin parlaq gələcəyi var. Bu ölkənin Hafiz Məmmədov kimi fədakar insanları var. İnanıram ki, əməkdaşlığımız hər iki tərəf üçün faydalı olacaq. Azərbaycan futbolunun inkişafına öz töhfəmizi vermək istəyirik. Arzu edərdim ki, yaxın zamanlarda “Lans”da azərbaycanlı futbolçuların çıxışlarını izləyək. Bunun üçün bütün zəruri şəraiti yaratmağa hazırıq. Lans Fransanın ən gənc şəhərlərindən biridir. Nor-Pa-De-Kale əyalətinin 4 milyon əhaliyə malik əhalisi “Lans” futbol klubu ilə nəfəs alır.  Sonda bir daha cənab Hafiz Məmmədova dərin təşəkkürümü bildirirəm ki, “Lans”a dəstək verməklə, həm klubun ənənələrini yaşadır, həm də Azərbaycan futbolunun inkişafına yönəlmiş fəaliyyətində aparıcı ölkələrin təcrübəsindən yararlanaraq öz xalqına xidmət etmiş olur”.

 

Qeyd edək ki, əməkdaşlıq müqaviləsinin imzalanma mərasimində Fransa futbolunun ulduzları Jan Pyer-Papen, Olivye Dakurla yanaşı, veteran futbolçumuz, olimpiya çempionu İqor Ponomaryov da iştirak edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 901
avatar

Oxşar yazılar