Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsində üz-üzə gələcək “Baku Fires” (Azərbaycan) və “Astana Arlans” (Qazaxıstan) komandalarının iştirakı ilə çəkiölçmə mərasimi və mətbuat konfransı keçirilib. Lent.az-ın məlumatına görə, görüşün supervayzeri Abdullah Bessalim aprelin 3-də azarkeşlərin maraqlı döyüş izləyəcəklərini bildirib.
O deyib ki, ilk görüş yüksək səviyyədə keçdiyindən, cavab oyunu da gərgin mübarizəyə səhnə olacaq.
“Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev döyüşün Qubada keçirilməsini üstünlük sayıb: “Burada azarkeşlər daim bizə dəstək olur. İnanırıq ki, sabah da anşlaq olacaq. Əlavə görüş isə yalnız 6-cı görüşün olacağı halda baş tuta bilər”.
Komandamızın baş məşqçisi Nuripaşa Talıbov hər şeyin boksçulardan asılı olduğunu vurğulayıb. O yetirmələrinə inandığını söyləyib: “Təbii ki, onların hər birindən qələbə gözləyirik. Həmkarımın guya ilk döyüşdə hakimlərin bizim xeyrimizə səhv etməsi fikrinə gəlincə, dərinliyə getsək, hər görüşdə anlaşmazlıq olur. Bizim da hakimlərdən narazı qaldığımız məqamlar var. Ancaq Qairbek Germaxanov tam qaydalar çərçivəsində rəqibini məğlub etmişdi”.
“Astana Arlans”ın baş məşqçisi Sergey Korçinski cavab qarşılaşmasını həlledici olduğunu vurğulayıb: “Şanslarımız 50-nin 50-yədir. Sabah hər iki komandanın boksçuları həm kluba, həm də ölkəsinə xeyir gətirə bilər”.
O, heyətdə 3 boksçunun son anda dəyişməsinə də münasibət bildirib: “Biz burada şahmat oynamırıq. Dəyişikliklər olur. Çünki ilkin ərizəni 10 gün öncə sifariş edirik. Amma kimsə zədələnə, anası xəstələnə bilər”.
İlk qarşılaşma 3:2 hesabı ilə başa çatdığından, cavab görüşündə də eyni hesab qeydə alınacağı halda əlavə döyüşə ehtiyac olacaq. Bu çəkilərdə “Baku Fires”i Teymur Məmmədov, rəqibi Adilbek Niyazimbetov təmsil edəcək.
Niyazimbetov bildirib ki, həlledici qarşılaşmaya hazırdır: “Əlavə döyüş olsa buna tam hazıram. Komandamız güclüdür və özümə də inamım yüksəkdir”.
Məmmədov isə “Baku Fires”in finala çıxacağına inandığını deyib: “Ciddi hazırlaşmışam. Çalışacağam ki, komandamız finala çıxsın”.
Qeyd edək ki, “Baku Fires” – “Astana Arlans” görüşü sabah 19:00-da start götürəcək.
Komandaların heyətləri:
52 kq. Elvin Məmişzadə - İlyas Süleymanov
60 kq. Albert Səlimov – Samat Başenov
69 kq – Yevgeni Ramaşkeviç – Manat Amirzakov
81 kq – Mixail Dolqolevets – Hrvoje Sep
91+ - Hacı Murtuzəliyev – Filip Hrqoviç
Əgər komandamız ilk qarşılaşmada uduzduğu hesabla qalib gələrsə (3:2), əlavə döyüş olacaq. Həmin qarşılaşmada Teymur Məmmədov (81 kq) Adilbek Niyazimbetovu sınağa çəkəcək.