“Həm razı, həm də narazı qaldım”
23 aprel 2014 18:50 (UTC +04:00)

“Həm razı, həm də narazı qaldım”

Slovakiyanın Liptovski Mikulaş şəhərindəki XXX beynəlxalq reqatada kanoe-slalom növündə Azərbaycana ilk medalı qazandırmış Yure Meqliç fikirlərini bölüşüb. Lent.az-ın məlumatına görə, 30 yaşlı idmançı Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəsmi saytına açıqlamasında hər il bu reqatada mübarizə apardığını söyləyib.

 

O bildirib ki, turnir daim güclü rəqabət şəraitində keçir. Meqliç ilk yarış günündəki çıxışından razı qaldığını deyib: “Həmin yarış zamanı mən qapıya toxunmadan iki keçid etdim. Qaydalara görə, dirəyə hər toxunuşa iki cərimə verilir. Hər iki keçidimdən razı qaldım”.

 

Növbəti günə təsadüf edən çıxışı isə kanoe-slalomçumuzu o qədər də razı salmayıb: “Çünki mən keçidin əvvəlində bir böyük səhvə yol verdim, sonda isə qapıya toxundum. Nəticədə ümumi sıralamada üçüncü oldum”.

 

Hazırda qayığının sürətindən razı olan Meqliç növbəti aylarda start götürəcək yeni yarışlara hazırlaşdığını açıqlayıb.

 

Qeyd edək ki, Yure Meqliç Slovakiyanın Liptovski Mikulaş şəhərində keçirilmiş XXX beynəlxalq reqata kişilər arasında fərdi kayak (K1M) növündə mübarizə aparıb. 30 yaşlı kanoe-slalomçumuz yarışın ilk günündə birinci keçiddə 97,58 saniyə, ikinci keçiddə isə 96,33 saniyə nəticə ilə 2-ci yeri tutub. İkinci yarış günündə təmsilçimiz nəzərdə tutulan məsafəni ilk keçiddə 106,54 saniyəyə və 4 cərimə ilə, növbəti keçiddə isə 105,88 saniyəyə və 2 cərimə ilə qət edib. Cərimələr Meqliçin göstərdiyi nəticələrlə toplanılıb və son sıralamada onun ən yaxşı göstəricisi 107,88 bal olub. Bununla da idmançımız 6-cı yeri tutub. İki günün nəticələrinə əsasən ümumi sıralamada isə Meqliç bürünc medala sahib olub.

 

Qeyd edək ki, yubiley reqatasında Azərbaycanın yeganə kanoe-slalomçusundan əlavə, Slovakiya, Polşa, Rusiya, Çexiya, Ukrayna və Sloveniyanın 80-dən çox idmançısı mübarizə aparıb. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 529
avatar

Oxşar yazılar