“Düdelanj”ın prezidenti: “Bakıda çətin olacaq”
“APOEL-lə səfər oyununda etdiklərimiz möcüzədir. Biz həvəskar komandayıq. Düşünürəm ki, yaxın illərdə belə hadisə yaşanmayacaq”.
APA-nın məlumatına görə, bunu Lüksemburqun “Düdelanj” klubunun prezidenti Romen Şumaxer deyib.
Klub rəhbəri Avropa Liqasının III turunun iki gündən sonra “Sevilya” ilə keçiriləcək oyunu barədə danışıb: “İşlərimlə əlaqədar komandamla birlikdə “Sevilya” ilə matça gedə bilməyəcəyəm. “Betis”lə oynadığımız vaxt Sevilyada olmuşam. Bu, çox gözəl şəhərdir. Biz orada 60 dəqiqə çox yaxşı oynasaq da, sonda uduzduq. “Sevilya” daha güclü ola bilər. Düşünürəm ki, bizimlə müqayisədə bu komanda başqa dünyadandır”.
Qrup mərhələsində “Sevilya, APOEL və Azərbaycan çempionu “Qarabağ”la rəqib olan “Düdelanj”ın prezidenti 1/16 final şanslarını sıfıra bərabər sayır: “Nikosiyada qalib gələndən sonra “Qarabağ”dan xal ala bilmədik. Yenə APOEL-i udmağa çalışacağıq. Bakıda yaxşı oynamaq, onları təəccübləndirmək çətin olacaq. Qrupdan çıxmaq üçün o qədər çox variantımız yoxdur. Bu, mümkünsüzdür. Bizim kimi həvəskar komanda üçün bu həddən artıq çox olardı. Digər ölkələrlə müqayisədə geridəyik. Federasiya yalnız yığmanı düşünür, klubların inkişafı üçün heç nə etmir”.
Qeyd edək ki, Lüksemburqda 4:1 hesabı ilə qalib gələn “Qarabağ” cavab oyununu dekabrın 12-də Bakıda keçirəcək.
844