Gənclər və idman naziri Azad Rəhimov nazirliyin 2013-cü ilin yanvar–avqust aylarındakı fəaliyyətinə həsr olunmuş mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, tədbirdə nazir əldə olunan nailiyyətlərdən danışıb.
O bildirib ki, ötən 8 ay ərzində Azərbaycan milli komandaları hər biri 12 gündən az olmayaraq, 52 təlim-məşq toplantısında iştirak ediblər. Həmçinin, ölkəmizdə 125 respublika daxili və 20 beynəlxalq turnir keçirilib. 158 beynəlxalq yarışda isə yığmalarımız iştirak ediblər: “Ən böyük uğurumuz Rusiyanın Kazan şəhərində keçirilmiş XXVII Ümumdünya Universiadasında əldə olunub. Orada 4 qızıl, 5 gümüş, 7 bürünc olmaqla 16 medal qazanılıb. Ölkəmiz dünyada 15-ci yeri tutaraq, tarixi uğura imza atıb. Hollandiyanın Utrext şəhərində keçirilmiş Gənclərin Olimpiya Festivalında isə idmançılarımız 2 qızıl, 1 bürünc medala sahib olublar”.
Qarşıda isə idmançılarımızı İndoneziyanın paytaxtı Cakartada keçiriləcək III İslam Oyunları gözləyir. Sentyabrın 22-dən oktyabrın 2-dək keçiriləcək yarışa Azərbaycan 130 nəfərlik nümayəndə heyəti ilə yollanacaq.
Bu ilin 8 ayı ərzində idmançılarımız beynəlxalq yarışlarda 70 qızıl, 86 gümüş, 96 bürünc medal əldə ediblər. Nazir ilin sonunadək medal sayının 700-dən çox olacağına və yeni rekord əldə ediləcəyinə inam ifadə edib.
A. Rəhimov 2015-ci il I Avropa Oyunlarına və 2017-ci il İslam Həmrəyliyi Oyunlarından başqa Bakıda keçiriləcək bir sıra nüfuzlu yarışlara da hazırlıq getdiyini bildirib. O, şahmat üzrə 2015-ci ildə Dünya Kuboku, 2016-cı ildə Olimpiada, gələn il isə Dünya İdman Jurnalistləri Konqresinin də Bakıda keçiriləcəyini əlavə edib.
Bu il Qobustan, Şirvan, Xaçmaz, Qax və Saatlıda Olimpiya kompleksləri istifadəyə verilib. Sentyabrda Göygöldə yeni kompleks açılacaq. Ağcabədi və Abşeron rayonlarında komplekslərin tikintisi davam etdirilir, Goranboy, Neftçala və Tərtər Olimpiya Kompleksinin, Yardımlı və Bakının Qala qəsəbələrindəki idman komplekslərinin və Lənkəran olimpiya komplekslərinin yenidən qurulmasının layihə-smeta sənədləri hazırlanır. Eyni zamanda Olimpiya hərəkatı və İdman Muzeyinin tikintisi üçün torpaq sahəsi ayrılıb və ilkin layihələşdirmə işləri həyata keçirilir.
“Bu il medal sayında yeni rekord əldə edəcəyik”
697