Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Apasport.az saytının xəbərinə görə, toplantıda 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun sənədlərinə baxılıb.
Belə ki, “Sumqayıt”dan başqa bütün klublar - AZAL, "Bakı", "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci", “Rəvan”, “Simurq”un avrokuboklarda oynamaq istəyini nümayiş etdirib. Komissiya “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaları”nın 9-cu maddəsinə əsaslanmış müzakirələrdən sonra yekun qərar verib.
Nəticədə AZAL, "Qarabağ", "Qəbələ", "İnter", "Xəzər Lənkəran", "Neftci"yə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya verilib. "Bakı", “Rəvan” və “Simurq” isə göstərdiyi nəticələrdən asılı olmayaraq qitə miqyaslı turnirlərdə oynaya bilməyəcək.
İclasda 2014/15-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün müraciət edən L divizion təmsilçilərinin sənədləri müzakirə olunub. Bu istəkdə olan 8 klub - "Ağsu", “Araz-Naxçıvan”, “Kəpəz”, "Qaradağ Lökbatan", “Neftçala”, “Sumqayıt”, “Şuşa”, “Turan-T” sənədlərinə ilkin baxışa əsasən qərarlar çıxarılıb.
Bu komandalara 2014/15-ci il mövsümündə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziyanın verilib-verilməməsi ilə bağlı qərar növbəti iclasadək təxirə salınıb. Buna əlavə sənədlərin araşdırılması tələb olunması səbəb olub. Klublar əlavə araşdırma üçün tələb olunan sənədləri AFFA-nın Lisenziyalaşdırma Qrupuna mayın 14-dək təqdim etməlidir. Müraciətləri araşdıran komissiya ertəsi gün – ayın 15-də yekun qərarını verəcək.
“Biz “Bakı” klubundan FİFA-ya şikayət etmişik. Buna səbəb müştərim Aleksandr Tomovskinin müqaviləsinin birtərəfli şəkildə pozulmasıdır”. Bunu apasport.az saytına açıqlamasında “Bakı”nın sabiq müdafiəçisi Aleksandr Tomovskinin vəkili Georgi Qradev deyib.
Paytaxt təmsilçisinin müştərisinə 78 min dollar borclu olduğunu deyən Qradev bildirib ki, ali futbol qurumuna 4 il əvvəl müraciət ediblər: “FİFA-ya 2010-cu ilin yanvarında şikayət etmişik. Onlar bu qərara 2013-cü ilin sentyabrında baxıblar. Bəli, gec, 3 il 9 ay sonra. FİFA lehimizə qərar çıxardı. “Bakı” 78 min dolları bizə 2014-cü il aprelin 22-dək ödəməli idi. Amma buna əməl etmədilər. Aprelin 30-da bu komandaya qarşı sanksiya tətbiq edilməli idi”.
Qradevin sözlərinə görə, “Bakı” rəsmiləri qərardan narazı qaldığından əks iddia ilə çıxış ediblər: “Bakı” nümayəndələri bizdən FİFA-ya şikayət ediblər ki, guya müqaviləni biz pozmuşuq. Buna görə futbolçudan 200 min dollar təzminat istəyirdilər. Lakin FİFA onların şikayətini rədd etdi. Bilirsiniz, “Bakı” çox ağır cəzalarla üzləşə bilər. Komandanın hesabından 6 xal silinməsi, hətta birinci diviziona göndərilmək ehtimalları da var.