“Sabahkı maraqlı oyuna hazırıq. Komandada əhval-ruhiyyə normal səviyyədədir. Amma çempionatın liderinə qarşı görüş asan olmayacaq”. Lent.az-ın məlumatına görə, bunu “Bakı”nın baş məşqçisi Milinko Pantiç Topaz Premyer Liqasının XXXIII turunda “Qarabağ”la keçirəcəkləri oyundan öncə deyib.
Pantiç klubun rəsmi saytına açıqlamasında bildirib ki, komandası bu mövsüm Ağdam təmsilçisinə iki oyunda məğlub olduğu halda, birində qalib gəlib. Onun fikrincə, “Qarabağ” bu dəfə də məğlubiyyətlə üzləşə bilər.
Amma “Bakı” liderlə matça itkilərlə çıxacaq. Ruben Qonzales və Alberto Noqeyra, eləcə də Cavid Hüseynov hələ də zədələrini bərpa etməyib. Serbiyalı mütəxəssisin fikrincə, aparıcı oyunçuların yoxluğu “Bakı”nın istəyini dəyişmir: “Hər şey bizim öz əlimizdədir. Real duruma baxıb düşünmək lazımdır. Qarşıdakı oyunlara baxaq görək vəziyyət necə olacaq?! İndiki halda komandam avrokuboklarda çıxış etməyə hazır deyil”.