“Bakı” klubundan İspaniya “Atletiko”sunun düşərgəsinə 5 futbolçu yollanacaq. Lent.az-ın məlumatına görə, bununla bağlı noyabrın 1-də mətbuat konfransı keçirilib.
Tədbirə “Atletiko” rəsmiləri ilə yanaşı, “Bakı”nın prezidenti Hafiz Məmmədov, Gənclər və idman naziri Azad Rəhimov da qatılıb.
“Bakı”nın icraçı direktoru Yaşar Seyidov 1 qapıçı və 4 meydan oyunçusunun “Atletiko”nun akademiyasına həm təhsil, həm də futbol biliklərini artırmağa yollanacaqlarını bildirib. Onun sözlərinə görə, 1999-cu il təvəllüdlü gənclər 2016-cı ildə Azərbaycanda keçiriləcək yeniyetmələr arasında Avropa çempionatında iştirak üçün yollanacaqlar. Gələcəkdə seçilmiş uşaqlar Fransa “Lans”ının düşərgəsinə də göndəriləcəklər. O, “Bakı”nın bu işləri prezident İlham Əliyev tərəfindən imzalanmış “2005-2015-ci illərdə Azərbaycan Respublikasında Futbolun İnkişafına dair Dövlət Proqramı” həyata keçirdiyini söyləyib.
Gənclər və idman naziri Azad Rəhimov “Bakı”ya öz minnətdarlığını bildirib: “Azərbaycan idmanı, futbolumuzun gələcəyi baxımından bu tədbir çox əhəmiyyətlidir. Belə tədbirlərdən vacibi yoxdur. Futbolu uşaqlıqdan təbliğ etməli, futbolçuları akademiyalara göndərməliyik. Bunsuz futbolun inkişafı mümkün deyil. İlk dəfə bizim qaranquşlar “Atletiko”nun düşərgəsinə futbol oynamağa gedirlər. Prezident İlham Əliyevin imzaladığı proqramda da bu məsələ əksini tapır. Bu gün bu proqramın icrasını təmin edirik. Fürsətdən istifadə edərək, uşaqları təbrik edirik. Çox sevinirik ki, bir neçə mərhələli seleksiya keçirilib. Bura gələn mütəxəssislər onları bəyəniblər. Bu isə Azərbaycanın ən güclü futbolçularının burada olduqları deməkdir. İnanırıq ki, 16 yaşadək yığmamızın üzvləri qayıdarkən bizləri sevindirəcəklər. Heç zaman yaddan çıxarmayın ki, Azərbaycanı qərib ölkədə təmsil edəcəksiniz. Sizinlə rastlaşanlarda Azərbaycanın təəssüratı yaranacaq. Ölkəmiz haqqında hər şeyi bilməli, Azərbaycanın bayrağını daim yüksəklikdə saxlamalısınız. Bu ruh olsa, hər şey yaxşı olacaq”.
AFFA adından çıxış edən Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu “Atletiko”nun düşərgəsinə yollananlara uğurlar arzulayıb.
“Atletiko”nun Marketinq və Beynəlxalq Əlaqələr Departamentinin rəhbəri Emilio Qutyerres bildirib ki, bu tədbir birgə layihənin gələcəyinə dəstək verir: “Azərbaycan klubuna təşəkkür edirəm. Futbol sayəsində ölkələrarası əlaqə daha da güclənir, möhkəmlənir. “Atletiko” bu məsələləri daha da inkişaf etdirməyə köməkliyini göstərəcək. Mükəmməl təcrübə keçəcəksiniz. Akademiyanın ən güclü komandaları ilə məşq edib, güclənəcəksiniz. Elit komandanın necə inkişaf edəcəyini öyrənəcəksiniz. “Atletiko”dakı hər bir gəncin fikri əsas komandaya düşməkdir. Sizə də bunu arzu edirəm. Hamısı bu səviyyəyə gəlib çıxa bilmir. Hər cür rəqabətə, mübarizəyə hazır olmalı və əlinizdən gələni etməlisiniz ki, ölkənizi layiqincə təmsil edəsiniz. Orada nəinki məşq edəcəksiniz, dili öyrənəcək, gəzintilərə, “Visente Kalderon” stadionunda əsas komandanın oyunlarını izləyəcəksiniz. Arzu edirəm ki, bu layihənin sonunda hansı təcrübəni keçdiyinizi öyrəndiyinizə dair bir tədbir keçirək”.
Qutyerres hərtərəfli köməyə görə, “Bakı”nın prezidentinə və nazirə təşəkkür edib.
Daha sonra “Atletiko”nun əsas komandasının məşqindən hazırlanan süjet göstərilib. Süjetdə “Atletiko”nun türkiyəli futbolçusu Arda Turanın fikirləri də yer alıb: “Azərbaycanlı futbolçuları burada görəcəyimizdən şadıq. Bura sizin evinizdir. Evinizdən bir fərq yoxdur. İnşallah, xoşbəxt günlər keçirərsiniz. Azərbaycandan olan sponsorumuza təşəkkür edirik”.
“Bakı”nın prezidenti Hafiz Məmmədov isə bildirib ki, bu işləri dövlət başçısının dəstəyi olmadan həyata keçirmək mümkün deyildi: "Rəhbərliyin, dövlətimizin dəstəyi ilə bu uğurlara çatırıq. Azad Rəhimov şəxsən bu layihənin bünövrəsində durur. AFFA prezidenti Rövnəq Abdullayev də bizə dəstək verib. “Atletiko”ya da təşəkkürümüzü bildiririk. Bu klub da Azərbaycana yaxşı dəstək verib. O uşaqlara dedim ki, ulu öndərin əsgərisiniz. Bu uşaqlar inşallah, Azərbaycanın adını yüksəklərə daşıyacaqlar. Onlar Azərbaycanın Avropa meydanında bayrağını hər zaman ucaldacaqlar. “Atletiko” ilə bir elit klub kimi əməkdaşlıq qürurdur, onların təcrübəsindən faydalanmaq gərəklidir. “Lans” da elit, çox köklü klubdur. Uşaqlar həmin kluba da təcrübə keçməyə göndəriləcəklər. Biz təkcə “Bakı”nın oyunçularını deyil, bütün azərbaycanlı futbolçuları göndərməyə, maliyyə dəstəyi verməyə hazırıq. Arzum var ki, Avropa meydanlarında azərbaycanlı gənclər bütün komandalarda çıxış etsinlər. Mən buna inanıram".