Xaricdə qış təlim-məşq toplantısında olan Azərbaycan klubları növbəti yoxlama matçlarını keçiriblər. Lent.az-ın məlumatına görə, İspaniyanın Marbelya şəhərində hazırlıq keçən “Bakı” Rumıniya “Styaua”sı ilə üz-üzə gəlib.
Oyun komandamızın qələbəsi ilə yekunlaşıb – 2:0. Qolları 17-ci dəqiqədə Aleksandr Şoliç, 48-ci dəqiqədə isə Namiq Ələsgərov vurub.
Türkiyənin Antalya bölgəsindəki paytaxt klublarımız da rəqiblərinə qalib gəliblər. Bakı “İnter”i Almaniya “Zeyts”ini eyni hesabla yenib. Qolları 7-ci dəqiqədə Baçana Tsxadadze, 28-ci dəqiqədə Sezar Meza Kolli vurub.
“Rəvan” Rumıniya “Universitatya”sının qapısından 1 cavabsız top keçirib. Həmin qolun müəllifi 27-ci dəqiqədə Tyaqo Mirosema olub.
Topaz Premyer Liqasının qış çempionu “Qarabağ” Albaniya “Flamuntari”sinə uduzub – 1:2. Ağdam təmsilçisinin yeganə qolunu 24-cü dəqiqədə Reynaldo Silva vurub.
“Qəbələ” Rusiya “Volqa”sı, “Simurq” isə Çin “Şanxay Şenxua”sı ilə görüşdə qolsuz heç-heçəyə razılaşıb.