“Bakı” “Atletiko”nun daha bir uğuruna sevindi
18 may 2013 10:52 (UTC +04:00)

“Bakı” “Atletiko”nun daha bir uğuruna sevindi

“Atletiko” futbol klubu tarixində 10-cu dəfə İspaniya Kubokuna sahib olub. Lent.az-ın məlumatına görə, baş məşqçi Dieqo Simeonenin komandası finalda “Real Madrid”i məğlubiyyətə uğradıb – 2:1.

 

Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçirilmiş qarşılaşmada hesabı 14-cü dəqiqədə “kral klubu”nun hücumçusu Kriştianu Ronaldu açıb. Bundan 20 dəqiqə sonra Dieqo Kosta bərabərlik qolunu vurub. Görüşün əsas vaxtı heç-heçə ilə nəticələnib. Əlavə vaxtın 9-cu dəqiqəsində isə Mirando qələbə topunu vurub. Bununla da “Atletiko” İspaniya Kubokunun 19 qat qalibini son 14 ildə ilk dəfə yenməyi bacarıb.

 

Final matçı insidentlərlə də yadda qalıb. İkinci yarının sonlarına bir neçə dəqiqə qalmış Ronaldu “Atletiko”nun kapitanı Qabini vurduğu üçün qırmızı vərəqə alıb. Əlavə vaxtın son soniyələrində isə Qabinin özü ikinci sarı vərəqə ilə meydandan qovulub.

 

“Real Madrid”in baş məşqçisi Joze Mourinyo da cəzasız qalmayıb. O, hakimlə mübahisə etdiyi üçün meydandan tribunaya göndərilib. Meydanın kənarında rəqib komandaların ehtiyat oyunçuları və texniki personalı toqquşub. “Atletiko”nun qapıçısı Tibo Kurtuaya isə tribunadan atılan yad əşya dəyib.

 

“Atletiko”nu bu qələbə münasibətilə əməkdaşlıq etdiyi “Bakı” klubu da təbrik edib. Təbrikdə deyilir: “"Atletiko"nun İspaniya kubokunun finalında dünya nəhənglərindən sayılan "Real Madrid”lə derbidə nümayiş etdirdiyi xarakter və bunun nəticəsində əzmkar qələbə qazanması Azərbaycanda böyük sevinclə qarşılandı. "Bakı" futbol klubunun kollektivi "Atletiko" Madrid klubunu İspaniya kral kubokunun finalında qazanılan möhətəşəm qələbə münasibəti ilə təbrik edir, qardaş kluba gələcək fəaliyyətində daha böyük uğurlar arzulayır”.

Qeyd edək ki, İspaniya çempionatının bürünc medallarına da sahib çıxaraq, Çempionlar Liqasının birbaşa qrup mərhələsində oynamaq hüququ qazanan “Atletiko”nun formaları üzərində “Azerbaijan Land of Fire” (“Odlar diyarı Azərbaycan”) sözləri yazılıb. Final matçını “Bakı” rəsmiləri də izləyiblər. “Atletiko”dan fərqli olaraq, Azərbaycan təmsilçisi bu mövsümü titulsuz, medalsız və Avrokuboklara vəsiqəsiz başa vurub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1206
avatar

Oxşar yazılar