“Azəryol”un yeni mövsümdə heyətinə qatmaq istədiyi ilk voleybolçunun adı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı təmsilçisi Bolqarıstan millisinin üzvü Straşimira Filipova ilə danışıqlara başlayıb.
29 yaşlı blokçu ilə danışıqları “Azəryol”un meneceri Yelena Şabovta aparır.
Bakılıların hazırda Rusiyanın “Fakel” klubunun şərəfini qoruyan Filipovaya yüksək məbləğ təklif etdiyi bildirilir. Lakin 195 sm boya malik voleybolçunun Azərbaycana seçib-seçməyəcəyi hələ dəqiq deyil. Çünki Straşimira 2009-2013-cü illərdə “Uraloçka”da oynadığı zaman da Bakı klubları ona təklif göndərmiş, “yox” cavabını almışdı.
Filipova MOİK, “Levski” (hər ikisi Bolqarıstan), “Kalisiya Kaliz” (Polşa) və “Kann” klublarında da oynayıb. Yığmasının heyətində 3 dəfə Avropa Liqasının qalibi olan Filipova analoji yarışda 2 dəfə gümüş medala sahib çıxıb. O, həmçinin 1 dəfə Bolqarıstan, 3 dəfə Fransa çempionatının və eyni sayda ölkə kubokunu qazanıb.
Qeyd edək ki, Filipova “Kann”da oynadığı dövrdə çılpaq poza verməklə də diqqət mərkəzinə düşmüşdü.