Çempionlar Liqasının finalında “Atletiko” Madridin qapısına yol tapan Kriştiano Ronaldonun qol sevincini əvvəlcədən planlaşdırdığı ortaya çıxıb. Lent.az-ın dünya mediasına istinadən verdiyi xəbərə görə, bu iddia ilə ispaniyalı jurnalist Xose Feliks Diaz çıxış edib. Diaz Ronaldonun qoldan sonrakı hərəkətlərini “Ronaldo: The Movie” filminin çəkilişləri üçün etdiyini bildirib: “Meydanın kənarında onu çəkən xüsusi kamera quraşdırılmışdı və Ronaldo kameranın harada yerləşdiyini bilirdi. Qoldan sonra da məhz həmin kameraya tərəf qaçdı”.
Mayın 24-də Portuqaliyanın paytaxtı Lissabonda keçirilən “Real” – “Atletiko” matçının əlavə dəqiqələrinin sonunda penaltiylə hesabı 4-1-ə çatdıran K.Ronaldo qoldan sonra formasını çıxararaq əzələlərini göstərmişdi.