Portuqaliyada keçirilən futbol oyununda tarixdə ilk dəfə hakim ağ vərəqə göstərib.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, bu, yanvarın 21-də qadınlardan ibarət “Benfika” və “Sportinq” komandaları arasında keçirilən oyunda (5:0) baş verib. Futbolçulardan birinin halı pisləşəndə meydana hər iki klubun həkim briqadaları çıxıb. Həkimlər idmançının vəziyyətini normallaşdırdıqdan sonra hakim onlara göstərilən köməyə görə təşəkkür olaraq ağ vərəqə göstərib.
Stadiondakı azarkeşlər hakimin qərarını alqışlarla qarşılayıblar. Bununla belə, sosial şəbəkələrdə bəzi istifadəçilər yeniliyi vaxt itkisi hesab ediblər.
Beynəlxalq Futbol Federasiyası Portuqaliyada ağ vərəqələrdən istifadəni təcrübə kimi təqdim edib. Bu yolla ədalətli oyuna görə qarşılaşma iştirakçılarına təşəkkür etmək və idmanda etik dəyərin artırılması nəzərdə tutulur.