"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İspaniyaya qayıda bilər.
Apasport.az saytının məlumatına görə, "Real"ın sabiq forvardı əzəli rəqib "Barselona"da çıxış etmək fikrindədir.
Portuqaliya millisinin kapitanı kataloniyalıların aparıcı futbolçusu Jerar Pike ilə əlaqə saxlayaraq, niyyətini ona bildirib. O, vaxtilə "Mançester Yunayted"də komanda yoldaşı olan Pike vasitəsilə baş məşqçi Xavi Ernandeslə də danışıb. Bunu futbolçunun meneceri Xorxe Mendes İspaniya klubunun prezidenti Joan Laporta ilə də müzakirə edib, keçidin mümkünlüyü barədə danışıq aparıb.
Laporta hücumdakı boşluğu CR7 ilə doldurmağın əleyhinə deyil. Maraqlıdır ki, Ronaldonun Barselonada qalacağı evi də Pike axtarır. O, keçmiş komanda yoldaşı Lionel Messi ilə əlaqə saxlayıb, villasını Ronaldoya kirayə vermək istəyib-istəməyəcəyini soruşub. Argentinalı da buna müsbət yanaşıb.
Qeyd edək ki, "Mançester Yunayted"ə yayda "Yuventus"dan keçən Kriştiano Ronaldo cari mövsüm 19 oyunda 13 qol vurub.