Lionel Messinin PSJ-də müqaviləsinin uzadılması ilə bağlı danışıqlar davam edir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçu ilə klub arasında mövcud müqavilə bu mövsümün sonuna kimi hesablanıb.
“L'Equipe”in məlumatına görə, tərəflər əməkdaşlığın davam etdirilməsini müzakirə edir, onlar daha bir neçə detal üzərində razılığa gəlməlidirlər.
Onlardan biri də yeni müqavilənin müddətidir. Əvvəlcə 1 mövsüm uzadılmaq imkanı ilə 2 il müddətinə müqavilə bağlanması nəzərdə tutulurdusa, hazırda fərqli sxem üzrə razılaşmanın yekunlaşdırılması istiqamətində iş gedir.
Eyni zamanda, PSJ maliyyə feyr-pleyini unutmamalıdır, çünki UEFA artıq komandaya qarşı 65 milyon avro cərimə kəsib və onun 10 milyonu yaxın vaxtlarda ödənilməlidir. Qeyd olunur ki, klub hələ də futbolçu ilə müqavilə bağladıqdan sonra onun ətrafına komisyon haqqını tam ödəməyib.
Qətər əmiri argentinalını heyətdə saxlamaq niyyətindədir. Yaxın bir neçə həftə ərzində Messinin atası ilə PSJ rəhbərliyi arasında görüş olacaq.
“İnter Mayami” Lioneli transfer etməkdə maraqlıdır, lakin hücumçunun özü də MLS-ə keçmək istəmir, çünki o, heç olmasa Amerika Kuboku 2024-ə qədər Argentina millisində oynamaq istəyir. O, Avropanın aparıcı klubunda oynamaq niyyətindədir
Messinin hədəfləri arasında Çempionlar Liqasında vurulan qolların sayına görə rekorddur. Hazırda o, Kriştiano Ronaldoya məxsusdur - portuqaliyalı bu turnirdə 140 qol vurub. Messi 129 topla 2-ci yerdədir.