Qapıçılar yaxşı baş məşqçi olmur? – fikirləri alt-üst edən  SİYAHI
17 may 2021 18:54 (UTC +04:00)

Qapıçılar yaxşı baş məşqçi olmur? – fikirləri alt-üst edən SİYAHI

Futbolda sabiq qapıçıların yaxşı baş məşqçi ola bilməməsi ilə bağlı fikir formalaşıb.

Apasport.az saytının məlumatına görə, həqiqətən də əksər qolkiperlər karyeralarını başa vurduqdan sonra baş məşqçi deyil, qapıçılar üzrə mütəxəssis kimi çalışmağa üstünlük verir.

Lakin az da olsa, istisnalar da var. Düzdür, məşhur məşqçilər arasında keçmişdə qapıçı olanlar çox az saydadır.

Bu, üç əsas səbəblə izah edilir. Birincisi, qapıçıların sayı ilə bağlıdır. Axı meydanda hər qolkiperə 10 sahə oyunçusu düşür. Üstəlik, böyük futbolçu karyerası olmadan baş məşqçi kimi uğur qazananların da varlığını nəzərə almaq lazımdır. Bu üzdən qapıçıların bu siyahıda az olması başadüşüləndir.

Amma digər iki səbəbin olması da iddia olunur. Vaxtlarının çoxunu digər oyunçulardan ayrı keçirən qapıçıların daha çox özlərini düşündüyü, həmçinin futbol tam dərk etməyib, hər şeyi qapıdan gördükləri fikirləri formalaşıb.

Bu iddiaları alt-üst edən bəzi sabiq qapıçıların təqdim edirik:

Rojerio Seni

Təkcə qapıdakı oyunu ilə deyil, vurduğu qollarla da özündən söz etdirən braziliyalı 42 yaşında karyerasını bitirəndən sonra “San Paulu”da çalışmağa cəhd etsə də, “Fortaleza” və “Kruzeyro”dakı uğursuz fəaliyyətlə yadda qalıb. Amma ötən il “Flamenqo”nun başına keçən Seni komandaya ardıcıl ikinci çempionluq qazandırıb. Özü də ölkəsinin ən yaxşı məşqçisi seçilib.

Dino Dzoff

İtaliya millisinin və “Yuventus”un əfsanəsi 40 yaşında dünya çempionu titulu qazanıb. Turin təmsilçisində əvvəl qapıçıların çalışdırıcı, sonra baş məşqçi olub. Ölkə kuboku və UEFA kubokunu da bu komanda ilə qazanan Dzoff sonradan “Latsio” və millidə fəaliyyət göstərib. AVRO-2000-də çempionluqdan bir neçə saniyə ayırıb.

Raymon Qutals

18 illik futbolçu karyerasında müxtəlif klublarda oynamış belçikalı baş məşqçi kimi daha uğurlu olub. “Anderlext”lə UEFA kuboku və Superkuboku əldə edən sehrbaz “Marsel”lə üç ölkə çempionluğu və Çempionlar Liqasının qalibi adını qazanıb.

Xulen Lopeteqi

“Sevilya”nın hazırkı baş məşqçisi vaxtilə bir sıra klubların qapıçısı olub. O, məşqçi kimi aşağı yaş qrupları üzrə yığmalarda qazandığı uğurlarla irəliləyib. Sonradan “Porto”, İspaniya millisi və “Real” da sabiq qapıçıya həvalə edilib. O, ötən il “Sevilya” ilə Avropa Liqasının qalibi olub.

Sergey Kramarenko

Azərbaycan futbolunda sonradan baş məşqçi olan qapıçıların sayı yetərincə az olub. “Neftçi”nin əfsanəvi qapıçısı Sergey Kramarenko sonradan qısa müddət “ağ-qaralar”ın “sükanı arxası”na da keçib. Lakin onun bu postdakı fəaliyyəti uzun sürməyib.

Nizami Sadıqov

Futbolumuzdakı azsaylı qapıçı-məşqçilərdən biri də Nizami Sadıqovdur. “Turan” sabiq qolkiperi sonradan elə Tovuz klubunu çalışdırıb. Lakin komandaya yalnız ağır günlərində çalışdırıcılıq edən Sadıqov məşqçi kimi hər hansı uğur əldə etməyib.

Rasim Kara

Ölkəmizdə yerli qapıçıların sonradan məşqçi kimi nailiyyət qazanmadığı halda türkiyəli Rasim Karanın Azərbaycan fəaliyyəti daha yaddaqalan olub. Lakin məşqçi kimi ciddi uğuru olmayan sabiq qolkiper “Xəzər Lənkəran”da da fiasko yaşayıb. Böyük büdcəyə malik klubla yalnız gümüş medal qazanan legioner növbəti mövsümün əvvəlindəki uğursuzluqlardan sonra vəzifəsindən istefaya göndərilib.

Şenol Günəş

Karadan söz düşmüşkən, qardaş Türkiyədə qapıçının məşqçi kimi böyük uğurlar qazanması Şenol Günəş timsalında şahid olmuşuq. Yığma ilə DÇ-2002-nin bürüncünü qazanan mütəxəssis klublarda da uğur qazanıb. O, hazırda da milliniz AVRO-2020-yə daşıyaraq qarşıdakı turniri gözləyir.

Stanislav Çerçesov

Hazırda yığmaya rəhbərlik edən daha bir qapıçı rusiyalı mütəxəssisdir. Millisi ilə DÇ-2018-in 1/4 finalına yüksələn Çerçesov Azərbaycanda da çalışmaq perspektivi olub. O, dəfələrlə Azərbaycan yığmasının baş məşqçisi olmağa namizəd olsa da, sonda təyinat baş tutmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2310
avatar

Oxşar yazılar