“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo Portuqaliya yığması ilə 2022-ci ildə dünya çempionatını qazanacağı təqdirdə peşəkar karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı sualı cavablandırıb.
“Portuqaliyanın dünya çempionu olmasına kömək etsəm, karyeramı bitirərəmmi? Bəli, bitirəcəm. Yüz faiz”, - Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Ronaldo jurnalist Pirs Morqana müsahibəsində deyib.
37 yaşlı portuqaliyalı peşəkar futbol debütünü 2002-ci ildə Lissabonun "Sportinq" klubunda edib. O, həmçinin "Mançester Yunayted" (2003-2009, 2021 - indiki), "Real" (2009-2018) və "Yuventus"da (2018-2021) çıxış edib.
Portuqaliya millisi ilə o, 2016-cı ildə Avropa çempionu və UEFA Millətlər Liqasının 2018/2019 mövsümünün qalibi olub. Ronaldo həm də futbol tarixində milli komandaların bombardiridir.