"Mançester Yunayted" PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməyi düşünür.
Lent.az bildirir ki, nu barədə “The Mirror” məlumat yayıb.
Mənbənin məlumatına görə, mankunianlılar fransalı futbolçunu Kriştianu Ronaldonun müqaviləsi başa çatan yayda almağı planlaşdırırdı. Lakin bu yaxınlarda portuqaliyalı ilə müsahibə ingilis komandasını prosesi sürətləndirməyə məcbur edib. Qeyd edilir ki, “Mançester Yunayted”in müqaviləni yekunlaşdırmaq və Mbappeyə maaş vermək üçün kifayət qədər maliyyəsi var.
Noyabrın 12-də Ronaldonun İngiltərə klubunu xəyanətdə günahlandırdığı bir müsahibəsi yayılıb. “Mançester Yunayted” məni getməyə məcbur etməyə çalışdı. Tək baş məşqçi yox, klub daxilində olan digər şəxslər də bunu istəyirdi. Bəli, özümü xəyanətlə üzləşmiş hiss edirəm”, - futbolçu deyib və klubun baş məşqçisi Erik ten Haqa hörmət etmədiyini də vurğulayıb.
Daha əvvəl Mbappenin PSJ-dən ayrılmaq istədiyi məlum olub. Qeyd olunub ki, hücumçu klubun maaşını gecikdirməsindən narazıdır.
Ronaldo bu mövsüm "Mançester Yunayted"in heyətində bütün turnirlərdə 16 oyuna çıxıb. Onun hesabında üç qol və iki məhsuldar ötürmə var. Mbappenin PSJ-də 20 oyunda 19 qolu var.