"Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" - İDMANDA QALMAQAL
04 iyul 2024 13:01 (UTC +04:00)

"Köməkçim rəhbərliklə əlbir olub, mənim quyumu qazdı" - İDMANDA QALMAQAL

Tanınmış voleybol məşqçisi komandasından uzaqlaşdırılıb.

Məsələ ilə əlaqədar uzun illər Sumqayıt Regional Voleybol Klubunu çalışdırmış Dilqəm Qəhrəmanov apasport.az saytına açıqlama verib.

Sumqayıt Regional Voleybol Klubu şəhərin oğlanlardan və qızlardan ibarət yığma komandasıdır. Dilqəm Qəhrəmanov 16 ildir "gənclər şəhəri"nin uğurları üçün çalışır. 

Fəaliyyəti dövründə onun komandası çoxsaylı uğurlara imza atıb. Elə bir neçə ay öncə onun yetirmələri Azərbaycan birinciliyində bürünc medallara yiyələnib. Təcrübəli baş məşqçi həm oğlan, həm də qızlardan ibarət komandaya rəhbərlik edib. 

image

Dünən isə Sumqayıt təmsilçisinin rəhbərliyi onu istefa verməyə məcbur edib. Dilqəm Qəhrəmanov bunun səbəbini belə izah edir:

Rəhbərlikdən mənə bildirdilər ki, qızlardan ibarət komandanı əlindən alıb, başqa məşqçiyə verəcəyik. Mən bu tələblə razılaşmadım. Axı bu uşaqlar hamısı mənim yetirmələrimdir, onların üzərində böyük əziyyətim var. Hətta uğurlarımıza görə onları yığma komandaya da dəvət ediblər. Məsələ burasındadır ki, mən öz yetirmələrimdən olan bir xanımı köməkçi təyin etmişəm. Həmin xanım da rəhbərliklə əlbir olub mənə quyu qazıb. İndi komandanı həmin xanıma vermək istəyirlər. 

image

Dilqəm Qəhrəmanovun dediyinə görə, onsuz komanda var ola bilməz. 

Bu uşaqlar hamısı mənim yetirmələrim olduğu üçün valideynləri də mənə zəng edib dəstəklərini bildirdi. Mən harda olacamsa, yetirmələrim də orda olacaq. 16 ildir bu şəhərə xidmət edirəm, bundan sonra da bu yolda fəaliyyətimi davam etdirəcəm. Rəhbərliyin ədalətsizliyi çox pis təsir etsə də, məni ruhdan sala bilməz. 

Məsələnin məğzini ikinci tərəfin dilindən eşitmək üçün Sumqayıt Regional Voleybol Klubunun direktoru Azər Kərimovla əlaqə saxladıq. O, suallarımıza cavab verməkdən boyun qaçırdı və dəstəyi asmaqla kifayətləndi. 

image

Baş məşqçi özü də iddia edir ki, suallarımızın cavabsız qalmasının əsas səbəbi ortada ədalətsizliyin olmasıdır. 

16 illik əziyyətimdən sonra bu cür ədalətsizliyə məruz qalmağım, layiq olmadığım münasibəti görməyim rəhbərliyin suallara cavab verməməsinin əsas səbəbidir. Yenə deyirəm, mən Sumqayıt üçün, şəhərimizdə voleybolun inkişafı üçün bundan sonra da əlimdən gələni edəcəm.

image

Sumqayıt Regional Voleybol Klubu Azərbaycan Voleybol Federasiyasının nəzdindədir. Bu səbəbdən məsələni aydınlaşdırmaq üçün ən zirvəyə çıxdıq. Federasiyadan bizə bildirdilər ki, baş məşqçinin göndərilməsi klubun daxili məsələsidir, ortada hər hansı anlaşılmazlıq varsa, bunu rəhbərlik özü həll etməlidir. 

16 illik əziyyət, komandanın saysız-hesabsız uğurları, idmançıların valideynlərinin reaksiyası, Azər Kərimovun dəstəyi üzümüzə asması... Bütün bunlar ortada böyük ədalətsizliyin olduğunu təsdiqləmirmi?

apasport.az

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2442
avatar

Oxşar yazılar