Günün  son qalibi   Hacıağa Məmmədov oldu
13 may 2022 22:59 (UTC +04:00)

Günün son qalibi Hacıağa Məmmədov oldu

May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyinə start verilib. 

Azərbaycan Ağır Atletika Federasiyasından Lent.az-a verilən xəbərə görə, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir. İlk yarış günündə qızlar bütün çəki dərəcələrində, 15 yaşadək oğlanlarda 49 və 55 kq, həmçinin 17 yaşa qədər oğlanlarda 49 kq çəki dərəcəsində qaliblərin adlarına aydınlıq gəldi.

İlk yarış günündə körpücük üzərinə son olaraq yaşı 15-ə qədər olan oğlanlar arasında çəkisi 55 kq-a qədər olan idmançılar çıxıblar. Hacıağa Məmmədov toplam 178 kq (77+101) nəticə ilə bütün rəqiblərini üstələyərək qalib adını qazanıb. Toplam 171 kq (76+95) nəticə ilə Əli Mahmudov gümüş, toplam 134 kq (61+73) nəticə ilə Aysim Əliyev bürünc medala sahib çıxıb.

Yarışın keçirilməsində məqsəd ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi, Respublikanın şəhər və rayonlarında, idman cəmiyyətlərində, klublarında və mərkəzlərində ağır atletika idman növünün inkişaf səviyyəsinin müəyyənləşdirilməsi, perspektivli yeniyetmə ağır atletlərin aşkar olunması, yeniyetmə oğlan və qızlardan ibarət yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, beynəlxalq yarışlara hazırlanmasıdır.
 

# 1785
avatar

Oxşar yazılar