Karate üzrə dünya və Avropa çempionu Mehman Eynalov
28 sentyabr 2021 15:35 (UTC +04:00)

Karate üzrə dünya və Avropa çempionu Mehman Eynalov

Dünya birincisi olmağın SİRRİ - 6 qat çempionla MÜSAHİBƏ

Uşaq vaxtlarından idmana olan böyük həvəsi, marağı onun bu sahə ilə məşğul olmağına imkan yaradır. 1993-cü ildən karate ilə məşğul olmağa başlayır. Həmin vaxt xəbərsiz idi gələcəyin dünya çempionu olacağından. Söhbət karate üzrə dünya və Avropa çempionu Mehman Eynalovdan gedir.

Lent.az tanınmış idmançı ilə olan müsahibəsini təqdim edir:

- Dünya çempionu olmağın xüsusi bir sirri var?

- Dünya çempionu olmağın xüsusi bir sirri yoxdur. Bunun bir səbəbi var və mən həmin səbəbi deyə bilərəm. İnadkarlıq, zəhmət, yenilməyi qəbul etməmək və birinci yerə hərislik.

- Şans, yoxsa zəhmət?

- Zəhmətsiz idmanda heç nə əldə etmək olmur. Yəni şansla bir yerə qədər getmək olar, amma səndən çox zəhmət çəkənin qarşısında acizliyini qəbul edəcəksən. Zəhmət, güc bir-birinə bərabər olan yerdə artıq orda şans öz sözünü deyir.

- Neçə dəfə çempion olmusunuz?

- Söhbət turnirlərdən gedirsə, inanın bunun sayını deyə bilmərəm. Təkəbbürlükdən uzaq olsun, çoxdur. Dünya, Avropa çempionatına gəldikdə isə deyə bilərəm. Ənənəvi karatedən (Sotokan) növündən 6 qat dünya, 5 qat Avropa çempionuyam.

- Niyə məhz karate?

- İdmana gələndə 13 yaşım var idi. O zaman mən idman növlərinin hansının necə, nə olduğunu ayırmaq iqtidarında deyildim. Elə düşünürəm ki, hansı idman növündə olsaydım, uğur əldə etməyi bacaracaqdım. Çünki nəyin ki, idmana həyatda maraq göstərdiyim hər şeyə məsuliyyətlə yanaşmışam. Düzünü desəm, ilk dəfə taekvando idman növü ilə məşğul olmuşam. Taekvando dərslərində uşaqlar həddindən artıq çox olur. Müəllimin etdiyi hərəkətləri ön sırada olan uşaqlar təkrarlayırdılar. Amma arxa sıralarda olan uşaqlar bəzən olurdu ki, yuxulayırdılar. Bundan sonra, bu idman növü ilə məşğul olmadım. Məşqdən qayıdanda, təsadüfən metroda bu məsələ ilə bağlı uşaqlarla söhbət edəndə, bir nəfər bizi dinləyirmiş. Biz danışığımız bitirəndən sonra, o, bizdən soruşdu ki, karate ilə məşğul olmaq istəyirsiniz? Biz razılığımızı bildirdik. O, bizimlə söhbətində İrandan yeni bir məşqçinin gəldiyini dedi. Bir neçə müddətə məktəb açacaqmış. Dedi ki, gedək sizin də adınızı dərslərə yazım. Bizdə həmin müəllimin dərslərinə yazıldıq. Elə həmin gündən İranlı məşqçi Cəfər Qaffarinin rəhbərliyi altında məşqlərimizi etdik. İki il onun məktəbində məşq keçəndən sonra, baxdım ki, bir irəliləyiş görmürəm. Düzdü, iki il idmançı üçün davamlı məşq etmək böyük üstünlükdü. Lakin nəticə qazana bilmirdim. Bu idman növü üzrə həmin dövrdə ən güclü məşqçi Füzuli Musayev hesab olunurdu. Bundan sonra məşqlərimi Füzuli müəllimin rəhbərliyi altında davam etdirdim.

- Döyüş idman növü ilə məşğul olan idmançıların uşaqlıq illərinə nəzər saldıqda, onlar davakar olduğunun şahidi olmuşuq. Bəs sizin uşaqlıq illəriniz necə keçib?

- Bəli, etiraf edirəm ki, uşaqlıq illərində boydan ən balaca olsam da sinfin ən davakar usağı olmuşam .Amma həmişə haqlı olaraq özümü müdafiə etmişəm. Yəni haqsız yerə kiminləsə dalaşmağa meyilli olmamışam. Amma idmana gəldikdən sonra müəllimim bizi başa saldı ki, bar verən ağac başını aşağı dikər. Bar verməyən ağac isə tikan olub onun bunun gözünə girər. Bu mənə bir dərs olmuşdu. Amma haqlı olan zaman özümü müdafiə etməyi əngəlləməyib.

- Sizcə, idmanda idmançı üçün əsas nə lazımdır?

- İdmanda idmançı üçün zəhmət, inad, iradə və sonda şans lazımdır. Şans gözəl müəllimin, yəni sənə arxa-dayaq olacaq birinin olmasıdır. Mən bu baxımdan çox şanslı olmuşam. İdmanda olan nailiyyətlərimə görə başda Asossasiyyanin prezidenti, millət vəkili Ülvi Quliyevə, Fizuli Musayevə və Əhməd Hətəmova təşəkkürümü bildirirəm.

- Hər bir idmançının xatirəsində onun ilk qələbəsi unudulmaz bir gün kimi yaşanır. Bəs, siz ilk qələbənizi necə xatırlayırsınız?

- Mənim qələbələrim çox olub. Amma onların fərqini elə də çox hiss etməmişəm. İlk olaraq 2005-ci ildə Avropa çempionu olanda qələbənin nə olduğunu, onun dadını-duzunu hiss etmişəm. Belə qələbələrim sonralar çox olub. “Dinamo” idman klubunda ilk dəfə gümüş medala layiq görülmüşdüm. Klublararası bir yarış idi. Sevincimin həddi-hüdudu yox idi. Mən qələbə sevincindən çox, döyüş həyəcanını xatırlayıram. Çünki, bu mənim döyüşdüyüm ilk mötəbər turnir idi. Baxmayaraq ki, buna qədər bir neçə yarışda iştirak etmişdim.

- Yarışlara hazırlaşarkən daha çox əziyyət çəkdiyiniz nədir?

- Yarışlara hazırlaşanda daha çox əziyyət çəkdiyimiz zədələr və onların bərpası məsələləridir. Və ən önəmlisi çəki atmaq.

- Yarışlara psixoloji cəhətdən necə hazırlaşırsınız?

- Bu istiqamətdə heç vaxt düşünülmüş bir şəkildə hazırlaşmağım olmayıb. Sadəcə illər keçdikcə yarışlarda iştirak etdikcə təcrübəm artıb və bu təcrübəm mənə kömək edib ki, psixoloji olaraq hazırlıqlı olum. Bundan başqa mənim həmişə bir amalım olub: Döyüş və qalib ol!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 17109
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar